"Qarabağ"ın sabiq qolkiperi, hazırda Portuqaliyada "Torrinse"nin qapısını qoruyan Vaqner da Silva Sportal.az saytına müsahibə verib. Əvvəllər Belçikada "Muskron" forması da geyinmiş braziliyalı qapıçı Ağdam klubunun Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Gent"ə qarşı oynadığından bu komandanı da dəyərləndirib.
- "Qarabağ" evdə "Gent"i məğlub edə bildi. Nəticəni necə dəyərləndirərdin?
- “Qarabağ”ın Bakıda “Gent”ə qalib gəlməsi mənim üçün sürpriz nəticə deyildi. “Qarabağ” rəqibindən daha yaxşı oynadı, daha yaxşı görünürdü. Nəticədə də qələbə qazandı. Ona görə də, məncə hər şey layiqli şəkildə bitdi.
- "Qarabağ"ın "Gent" qapısı qarşısında qol epizodları az olmadı. Ümumiyyətlə, sabiq komandanın yaxşı oynadığını düşünürsən?
- Əlbəttə. “Qarabağ” oyunboyu rəqibi ilə müqayisədə çox yaxşı futbol nümayiş etdirdi. Hər halda, “Gent”ə qol epizodu da vermədi. “Qarabağ” yenə həmişəki kimi baxımlı futbol göstərə bildi.
- Sən oynadığın "Qarabağ"la indikini müqayisə edəndə, hansı mənzərə ortaya çıxır?
- Bilirsiz, “Qarabağ” həqiqətən çox yaxşı komandadır. Bu komanda hər zaman çox yaxşı heyətə malik olub, yaxşı futbol oynayıb. Amma müqayisə etməyimi deyirsizsə, məncə, “Qarabağ” hazırda daha güclüdür.
- Belçikadakı oyuna 1:0 üstünlüklə çıxmaq "Qarabağ"a növbəti mərhələyə adlaması üçün kömək olacaq?
- Birinci oyunda qalib gəlmək həmişə çox vacibdir. Çünki bu, bir növ nokautdur. Məncə, “Qarabağ” növbəti mərhələyə vəsiqə qazanmaq üçün yaxşı şansa sahibdir. Əminəm ki, onlar özləri də buna inanır. Bacaracaqlar.
- Ümumiyyətlə, Belçikadakı görüşdən gözləntilərin necədir? Səncə, səfər matçında hansı tərəfə növbəti mərhələyə daha yaxındır?
- Belçikadakı görüş heç də asan keçməyəcək. “Gent”ə qarşı əvvəllər oynadığımı sizə demişəm. “Gent” evdə çox aqressiv oynayır. Amma istənilən halda, “Qarabağ”ın növbəti mərhələyə adlamaq şansının yüksək olduğunu düşünürəm. Ümid edirəm ki, sevimli komandam bunu reallaşdıracaq.
Mirbağırağa
saytlarin hazirlanmasi