Bir vaxtlar "Neftçi" və "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi vəzifəsində işləmiş Ruber Selles İngiltərənin "Sauthempton" klubunun baş məşqçisi təyin olunub. 39 yaşlı mütəxəssisin rəhbərlik etdiyi kollektiv Premyer Liqanın 24-cü turunda səfərdə "Çelsi"ni 1:0 hesabı ilə məğlub edib.
Ruben Selles 2012-2014-cü illər ərzində "Neftçi"də çalışıb. Sportal.az saytı olaraq həmin dövrdə "ağ-qaralar"ın vitse-prezidenti olmuş Tahir Süleymanovla əlaqə saxladıq. Tahir bəy ispan məşqçinin "Neftçi"yə gəlişi, buradakı fəaliyyəti barədə danışdı.
- Ruben Sellesi necə xatırlayırsınız?
- Çox müsbət... Sakit təbiətli, sadə, işini ürəkdən sevən, öz üzərində daimi çalışan, müasir futbolun tələblərinə cavab verən peşəkar kimi.
- Onu "Neftçi"yə haradan gətirmişdiz? Sellesin gəlişi haqda məlumat verərdiniz zəhmət olmasa...
- 2012-ci ilin sonu idi. "Neftçi"nin avrokubokların kvalifikasiya, pley-off, qrup mərhələsi, çempionat, kubok oyunlarından sonra futbolçularda psixoloji, fiziki yorğunluq hiss olunurdu. Təbii idi. Azərbaycan futbolu adına Avropada daha üst səviyyəyə yol açılmışdı, bir ilk idi. Yeni mərhələyə qədəm qoyulmalı, qış təlim-məşq dönəmində komandanın tam bərpa olunaraq çempionatın finişinə doğru hazır vəziyyətə gətirilməsi mütləq idi. Qarşıda növbəti çempionluq, kubokun qazanılması vəzifəsi dururdu. Klub rəhbərliyi, baş məşqçi məsləhətləşmələrindən sonra komandaya tələblərimizə cavab verəcək fiziki hazırlıq üzrə məşqçinin gətirilməsi qərarını verdik. Təəssüf ki, Azərbaycan futbolunda ən problemli məsələlərdən biri, bu sahədə yüksək səviyyədə mütəxəssislərin azlığıdır və bu gün də öz aktuallığını itirməyib. Sifarişimizə uyğun əcnəbi mütəxəssislər təklif olunur, araşdırmalarımızı davam etdirirdik. Onların arasında Ruben Selles Salvador diqqətimizi cəlb etdi. Gənc, İspaniya, Valensiya futbol məktəbinin yetirməsi, futbol təhsili və məşqçi kimi artıq Yunanıstan, Rusiya klublarında da çalışması. Şəxsən özü ilə əlaqə saxladım, "Neftçi", hədəflərimiz barədə məlumat verdim, təcili görüşmək istədiyimizi bildirdim. Ailə vəziyyəti ilə bağlı yaxın həftələrdə övladının dünyaya gələcəyini bildirərək tez gəlməsinin mümkün olmayacağını bildirdi. Qısa mənəvi söhbətimizdən sonra məsələ tam həllini tapdı.
- Sirr deyilsə, nə söhbət idi?
- Futbolçu, məşqçi, sıravi insan olsun, mənəvi düşüncələr, həyata baxışlar çox önəmlidir. Əcnəbilər tək futbol adına deyil, yaşam baxımından yeni mühitlə, fərqli mentalitetlə üzləşirlər, xarakter, ümumi səviyyə çox önəmli, təsiredici faktordur. Rubenə yaradana inanırmı sualını verdim və dərhal da, bəli cavabını aldım. Belədə, gələcək övladının gəlişi ailəyə artıq ruzi-bərəkət gətirəcəyini söylədim və təklifdən imtina etməsinin və ya sonraya saxlamasının doğru olmadığını bildirdim. Çox təsirlənmişdi və ailəsi ilə məsləhətləşmək üçün qısa vaxt istədi. Həqiqətən vaxtımız yox idi, komanda Antalyada ilk məşqə çıxmalıydı. Hazırlıq mərhələsində hər məşq, ardıcıllıq çox önəmlidir. Az vaxtdan sonra əlaqə saxlayaraq həyat yoldaşının, "orada yaxşı insanlar çalışır" razılığı ilə artıq axşam saatlarında Ruben "Neftçi"nin düşərgəsində idi. İspaniyalı ilk məşqə çıxmadan mənəvi baxımdan da sınaqdan üzüağ çıxmışdı. İşimizin uğurlu alınacağına şübhəmiz yox idi artıq.
- Sellesin "Neftçi"dəki işini necə dəyərləndirirsiz?
- "Neftçi"nin o vaxtkı oyun fəlsəfəsinə uyğun istədiyimizi tam olaraq verirdi. Fiziki yükləmələr əsasən toplu çalışmalar üzərində qurulur, elmi əsaslara söykənirdi. Müasir yoxlama elektron cihazlardan istifadə edilir, İspaniyadan yeni ləvazimatlar alınıb gətirilmişdi. Yerli, legioner futbolçularla ünsiyyəti, komunikasiyası çox yaxşı idi. Şəxsi müqaviləsində qeyd olunmasa da, əvəzedici, gənc futbolçuların da fiziki göstəricilərinin, hazırlığının yoxlanılmasında iştirak edir, tapşırıqlarımıza uyğun əməyini əsirgəmirdi, həvəslə çalışırdı. Onu da qeyd edim ki, Ruben "Neftçi"də klub mənafeyinə uyğun çox sərfəli, az maaşa çalışıb. Biz "Neftçi"ni tərk etdikdən sonra belə bir mütəxəssis klubdan ayrılsa da, nə yaxşı ki, ölkəni tərk etmədi, Qurban Qurbanovun dəvəti ilə növbəti mövsümlər "Qarabağ"da çalışdı, klub uğurları ilə yanaşı özü də inkişaf etdi.
- Ruben Selles fiziki hazırlıq üzrə məşqçi idi. Onun Premyer Liqa klubunun baş məşqçisi olması necə baş tutdu?
- Bu gün də fiziki hazırlıq üzrə məşqçidir, klub adına inamı qazanıb ki, baş məşqçi səlahiyyətlərini icra edir. Gənc olmağına baxmayaraq artıq neçə ölkədə təcrübə qazanıb. Fərdi məsələdir, gələcəkdə baş məşqçi kimi fəaliyyətini davam etdirməyə üstünlük verərsə, ancaq uğurlar arzu edə bilərik.
- İki gün əvvəl Sellesin rəhbərlik etdiyi komanda səfərdə "Çelsi"ni məğlub etdi. Azərbaycanda çalışmış mütəxəssisin Avropanın nəhəng klublarından birini məğlub etməsini görəndə hansı hissləri keçirdiniz?
- Müsbət məqamdır. Gənc yaşlarında Azərbaycana gəldi, daha da püxtələşməsində ölkə futbolunun müstəsna rolu olub. Yuxarıda qeyd etdiyim kimi, mənəvi olaraq bunları da unutmur. Bu amil yerli gənc məşqçilərimizə bir nümunədir. Hər bir bacarıqlı, potensialı olan məşqçi öz üzərində çalışsa, doğru yol tutsa, hədəfləri olsa, mənəvi dəyərlərə önəm verilsə, böyük uğurlar qazanıla bilər.
Elçin Əlixan
saytlarin hazirlanmasi