"Yeni transferlər artıq indidən "Qarabağ"a xeyir verməyə başlayıb" - MÜSAHİBƏ

18:39 - 21 Fevral 2023

"Qarabağ"ın veteran futbolçusu Təbriz Həsənov Sportal.az saytına müsahibə verib.

- "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə "Gent"ə qalib gələ bildi. Ağdam təmsilçisinin qələbəsini necə şərh edərdiniz?
- "Qarabağ"ın "Gent" üzərindəki qələbəsi Azərbaycan xalqını çox sevindirdi. Uzun müddət idi ki, bu oyunu gözləyirdik. Bütün azarkeşlər "Qarabağ"ın avrokubok oyunu üçün darıxmışdı. "Qarabağ"ı gözəl oyun və qələbə münasibəti ilə təbrik edirəm. Əsasən də ikinci yarıda onlar möhtəşəm oynadılar. "Qarabağ"ın qalib gələcəyinə inanırdım. İnanmırdım ki, evdə "Gent"ə uduzar. “Qarabağ” “Gent”ə qarşı gözlədiyimizdən də yaxşı oynadı. Azərbaycan çempionatında tam fərqli futbol oynayır, beynəlxalq arenda tam fərqli. Aralarında böyük fərq var. Bu da motivasiyadan asılı olan məsələdir. Beynəxalq oyundur, gələn azarkeşlər var, qarşılaşmanın mahiyyəti böyük rol oynayır.

- Hər halda, bu görüşdə qaçırılan penalti də oldu. Ramil Şeydayev ölkə çempionatında təyin olunmuş bütün penaltilərdən 100 failik nəticə göstərmişdi. Səncə, "Gent"lə görüşdə niyə uğursuz alındı?
- Yaxşı ki, qalib gəldik. Ən pisi o olardı ki, penaltidən istifadə edilməsin və qələbə qazanmayaq. O daha çox üzcü idi. Məncə, 1:0 yaxşı hesabdır. Təbii ki, “Qarabağ” 2:0 qalib gəlsəydi, növbəti mərhələ məsələsini 90 faiz həll etmiş olardı. İstənilən halda, üstünlük "Qarabağ" tərəfdədi. Bakıdakı oyun göstərdi ki, “Qarabağ” bu matçlara "Gent"dən daha yaxşı hazırlaşıb. Rəqib təhlükəlidir. Penalti məsələsinə qayıtsaq, ulduz futbolçular da penaltini qaçırır. Mən özüm də məşqçi, futbol mütəxəssisiyəm, penalti məsələsinə görə futbolçuların üzərinə çox getmirəm. Məncə, Ramil Şeydayev oyunun məsuliyyətini, mahiyyətini dərk edib penaltini daha yaxşı yerinə yetirə bilərdi. Penaltinin özü çox qəribə alındı. Mənə elə gəlir ki, daha məsuliyyətli vurmaq olardı. Eybi yox, Ramil bir qol borclu qalsın. Şeydayevdə elə xarakter var ki, penaltinin əvəzini rəqib meydançasında vuracağı bir qolla çıxacaq, bizləri sevindirəcək. 

- Yəni düşünürsüz ki, Belçika səfərində "Qarabağ"ı 1:0 hesablı qələbə növbəti mərhələyə daha da yaxınlaşdıracaq?
- “Qarabağ” kimi komanda üçün 1:0 yaxşı hesabdır. İnanıram ki, Belçikada da qol vuracağıq. İlk matçda göründü ki, "Gent" "Qarabağ"ın sürətli hücumlarının qarşısını almaqda çətinlik çəkir. "Qarabağ"a çox inanıram.

- "Gent"lə görüşdə komandanın yeni transferləri də meydana çıxdı. Həmin matçda onların çıxışını necə dəyərləndirirsinzi?
- İlk görüşdə mərkəzdəki oyunçuları çox bəyəndim. Julio Romao, Leandro Andrade, Marko Yankoviç üçlüsü super idi. Mərkəzdən hücuma sürətli keçidlər çox yaxşı alınırdı. Pressinq edib, topu alırdıq və rəqibin orta sahəsində boşluqlar yaranırdı. Ümumilikdə hamı yaxşı oynadı. Mərkəz müdafiəçiləri də, yarımmüdafiəçiləri də. Yeni transferlər artıq indidən "Qarabağ"a xeyir verməyə başlayıb. "Gent"lə matçda meydana sonradan daxil olaraq komandanın oyununa daha çox güc qatdılar. Hər halda, əvəzetmələrdən sonra "Qarabağ" çox təhlükəli epizodlar yarada bildi. Hesabı artırmaq şansları var idi. Bir epizodda Redon Cicaya qapı dirəyi, birində isə qapıçı imkan vermədi. Yeni oyunçular göstərdi ki, qısa zamanda “Qarabağ”ın əsas oyunçularına çevriləcəklər və komandanın oyununa daha maraq, güc qatacaqlar.

- Şahruddin Məhəmmədəliyevin yoxluğunda avrokubok matçlarında Luka Quqeşaşvilinin olacağı göründü. "Gent"lə ilk görüşdə də qapını gürcü qorudu...
- Qapıçı məsələsi gözlənilməz oldu. Amma Qurban Qurbanov komandanın daxilini daha yaxşı bilir. Mənə də elə gəlir ki, seçim düzgün idi. Baxmayaraq ki, son matçlarda Amin Ramazanova daha çox yer verilmişdi. Bəlkə də, “Gent” matçı üçün plan belə idi, bəlkə də sonradan nəsə fikirləşiblər. Hər halda, doğru seçimdir. Doğrudur, qapımızda təhlükə çox deyildi. Amma Luka asmalarda, künc zərbələrində yaxşı çıxışlar etdi. Onda özünəinam görülürdü. 

- "Gent"ə qarşı səfər matçında ilk görüşün ən yaxşılarından olan Marko Yankoviç zədə səbəbindən meydana çıxa bilməyəcək. Bu, "Qarabağ" üçün böyük itkidir, yoxsa onu əvəzləyəcək oyunçulara sahibdirlər?
​-
"Gent"ə qarşı "Qarabağ"ın orta xəttin üçlüsü çox yaxşı oynamışdı. Onlardan biri də Yankoviç idi. Matçın ən yaxşılarından oldu. Onun olmaması "Qarabağ"ın xeyrinə deyil. Nə deyim? Artıq öyrəşmişik, hər dəfə "Qarabağ" kimlərisə itirir. Amma sevindirici hal odur ki, "Qarabağ" hər zaman çətinliklərdən üzüağ çıxır. Qurban Qurbanov həmin mövqeyə hansı oyunçunu buraxsa, yaxşı oynamağa çalışacaq. Amma sırf Yankoviçin olmaması itkidir. 

Mirbağırağa
 

Xəbər xətti