"Qəbələ" ilə oyunda hakimlər ən azından bir xalımızı əlimizdən aldılar" - MÜSAHİBƏ

19:57 - 21 Fevral 2023

"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt" son turda "Qəbələ"yə uduzdu. Səfərdəki məğlubiyyəti nə ilə əlaqələndirirsən? Səncə, ən azı bir xal qazanmağa layiq və yaxın idiz?
- Qısa və konkret deyəcəm, "Qəbələ" ilə oyunda hakimlər ən azından bir xalımızı əlimizdən aldılar. Çünki bu görüşdə uğurlu nəticəyə layiq idik.

- "Qəbələ"nin vurduğu ikinci qol mübahisələrə səbəb oldu. Rafael Utziqin sənə qarşı kobud oynadığı iddia edilir. Səncə də orada qayda pozuntusu var idi?
- Utziq tək mənə qarşı kobud oynamadı. Öncə Səbuhi Abdullazadəyə, daha sonra mənə qarşı kobudluq etdi, Ardınca isə qapıçımızın qarşısında dayanaraq oyundankənar vəziyyətə düşdü. O, Aydın Bayramovun görüntüsünü pozurdu. Bir qolda üç qayda pozuntusu olduğunu kosmosdan da gördülər. Amma bizim hakimlər VAR ola-ola bunları görmədilər.

- Demisən ki, braziliyalı legioner qayda pozuntusuna yol verdiyini sənə etiraf edib. Bəs Əliyar Ağayevlə danışdın?
- Kiminsə mənə nəsə deməyinə ehtiyac yoxdur. Sadəcə olaraq hakim nəyə görə VAR-a getmədi, mənə çox maraqlıdır. VAR nə üçündür axı? Biz elə qol vursaydıq, sizi 100 faiz əmin edirəm ki, ləğv ediləcəkdi.

- Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsız. Bu komandanı evdə məğlub etməyi bacaracaqsız?
- Bizim üçün finala bərabər oyundur. Çox çətin matç olacaq. Çalışacağıq ki, evdə yaxşı nəticə qazanaraq azarkeşlərimizi sevindirək.

- Sonuncu pillədəki komandadan cəmi 2 xal öndəsiz. “Sumqayıt”ın liqanı tərk etmək təhlükəsi var. Çünki son pilləni tutacaq komanda birinci diviziona yuvarlanacaq... 
- Hər birimiz bu təzyiqi hiss edirik. Sonuncu yeri tutmamaq üçün meydanda nə lazımdırsa, edəcəyik. Buna gücümüz də çatar. Mübarizəni sona qədər davam etdirəcəyik.

Mirbağırağa

Xəbər xətti