Rivaldonun oynadığı komandanın futbolçusu: "Veşoviç və Yankoviçə görə "Qarabağ"ı daha yaxından izləyirəm" - MÜSAHİBƏ

11:47 - 22 Fevral 2023

Monteneqro millisinin üzvü, vaxtı ilə "Zirə"də oynamış, bir müddət əvvəl isə vaxtı ilə Rivaldonun da formasını geyindiyi Özbəkistanın tanınmış "Bunyedkor" klubuna keçən İqor İvanoviç Sportal.az saytına müsahibə verib.

- "Bunyedkor"da işlərin necə gedir? Monteneqrodan Özbəkistana yollanmağınız necə baş tutdu?
- Hələ ki, yeni klubuma adaptasiya əla gedir. "Bunyedkor" tanınmış klubdur. Rivaldo kimi əfsanənin burada oynamasına görə, mən də özümü bu liqada sınamaq qərarına gəldim. Belə addım atdım və "Bunyedkor"la müqavilə imzaladım.

- Son iki ildə Azərbaycan klublarından təklifləriniz var idi. Azərbaycana qayıdışınız niyə baş tutmadı?
- Bəli, Azərbaycan klublarından təklifim var idi. Amma  düzünü desəm, Monteneqrodakı qazancımla müqayisədə elə də çox pul deyildi. Ona görə də, Azərbaycana qayıdası olmadım, Monteneqroda qaldım.

- Davron Erqaşevlə "Bunyedkor"da komanda yoldaşısan. O da Azərbaycanda çıxış edib, "Qəbələ"nin formasını geyinib. Onunla Azərbaycan futbolu haqda danışırsınız?
- Bir az Azərbaycan futbolundan danışdıq. Davronla razılaşdıq ki, bizim orada oynadığımız zamankı çempionatın səviyyəsi ilə müqayisədə Azərbaycanda futbol hər il daha yüksək səviyyəyə çatıb. Buna görə sizi təbrik edirik!

- “Zirə”dəki karyeranızı necə xatırlayırsınız? Hansı oyunu, hansı assisti, hansı oyunçuları xatırlayırsınız? 
- "Zirə"dəki dönəmi çox yaxşı xatırlayıram. Çempionatda yaxşı nəticə əldə etmişdik. Çox yaxşı kollektivimiz var idi. Bu günə kimi "Zirə"nin nəticələrini diqqətdə saxlayıram və bacardığım qədər oyunlarını izləyirəm. Klubun bəzi keçmiş oyunçuları ilə əlaqə saxlayıram. Onlardan müntəzəm olaraq Nicat Qurbanovla danışıram, onunla əla münasibətim var.

- Monteneqro millisində komanda yoldaşlarınız olan Marko Veşoviç və Marko Yankoviç "Qarabağ"ın əsas oyunçularıdır. Onlar haqda nə düşünürsünüz? 
- Marko Veşoviç və Marko Yankoviçə görə "Qarabağ"ı daha yaxından izləyirəm. Axı onlar mənim millidən komanda yoldaşlarımdır. Deyə bilərəm ki, "Qarabağ" həm Avropada, həm də çempionatda böyük nəticələr əldə edir. Yankoviçlə Veşoviç liqaya və klubun özünə tez bir zamanda uyğunlaşdılar. Şadam ki, həm fərdi, həm də klub səviyyəsində əla nəticələr əldə edirlər.

- Monteneqro millisindən söz düşmüşkən, ilk qolunuzu deyəsən Azərbaycan millisinə vurmusunuz. Həmin oyunu necə xatırlayırsınız? 
- Yox, Azərbaycanla oyundan əvvəl millidəki qol hesabımı açmışdım. Azərbaycan millisinə vurduğum qol milli karyeramdakı ikinci idi. Həmin oyunu da xatırlayıram, çox çətin oyun olmuşdu. Azərbaycan millisi yaxşı komandadır. Amma indi daha da yaxşı olub. Necə ki, yerli liqadakı klublar böyüyür, milli də güclənir və düşünürəm ki, bir neçə ildən sonra Azərbaycan hamı üçün çətin rəqib olacaq.

Mirbağırağa

Xəbər xətti