Qurban Qurbanov: "Təhlil edəndə görürük ki, "Gent"in düşünmədən atdığı addım yoxdur"

23:11 - 22 Fevral 2023

"Qarabağ" Avropa Konfrans Liqası pley-off mərhələsinin cavab matçı çərçivəsində sabah Belçikada "Gent"in qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, matçdan söncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Vacib oyundur, sabah cütün taleyi həll olunacaq. Ümumi durum pis deyil. Rəqibi daha yaxından tanıdıq, güclərinə bələd olduq. Çox istəkli komandaya qarşı oynayacağıq. Bu matçda bizə daha çox güc sərf etmək lazım gələ bilər. Futbolçularım hazırdır, onlara inanıram. Sabah minimum oyun nizam-intizamını qorumaq, yaxşı mübarizə aparmaq istəyirik. Demək olar ki, sabahkı oyuna tam hazırıq".

- Marko Yankoviçin zədələnməsi oyununuza necə təsir edəcək?
- Markonun zədələnməsinə üzüldüm. Təkcə oyunumuza görə yox, həm də, onun özünə görə. Çünki, son vaxtlar çox yaxşı formada idi. Ona bir neçə oyun da lazım idi ki, gücünü 90 dəqiqə ərzində bölüşdürə bilsin. İkinci dəfədir onunla bağlı belə hadisə baş verir. Ötən il 2-3 oyunda performansı yaxşılaşdı və həmin vaxt zədələndi. Həmişə demişəm ki, futbolçularımın hamısının sağlam olması mənə əlavə güc verir. Buna görə üzülürəm. Marko olmadığı halda bizim digər oyunçularımız var. Onlar bir-birini layiqincə əvəz edə bilirlər.

- Dünən Belçikaya gəldiniz. Bu, strateji düşüncədir, yoxsa normalda da oyundan iki gün əvvəl səfər edirsiz?
Bizim ümumiyyətlə səfərlərimiz uzaq olur. Çox vaxt iki gün əvvəl gedirik. Dünən 9 saat yolda olduq. Uzun səfərlərə iki gün əvvəl gedirik.

- Daha bir tarixi matç ərəfəsindəyik. Sabahkı qarşılaşmaya komandanı daha yaxşı kökləmək üçün nə edəcəksiz?
Hər növbəti oyun bizim üçün də təcrübədir. Hər şans bizə əlavə təcrübə verir. Son vaxtlar futbolçuları motivasiya etmək çətin deyil. Çünki, xeyli təcrübə toplayıblar. Məni narahat edən bəzən komandanın istədiyim formanı əldə etməməsidir. Bu gün hələ öz istədiyim dinamikanı görmürəm. Bunu çempionat oyunlarında da bildirmişdim. Amma oyundan-oyuna daha yaxşı komanda, daha istəkli futbolçular görürəm. Dəfələrlə demişəm ki, əgər bizim növbəti mərhələyə keçmək şansımız varsa, bundan maksimum istifadə etməliyik. Hansı motivasiyanı verdiyimi burada deməyəcəyəm. Amma ümumən bəzən müəllim-şagird kimi, dost kimi söhbətimiz olur. Bəzən futbolçularla ayrı-ayrılıqda danışırıq. Rəqibdən, oyunun vacibliyindən asılıdır. Bir az fərqlidir. Həmin situasiyaya uyğun danışmağa çalışırıq. Hər bir halda mən futbolçularıma inanıram. Təcrübə topladıqca mənim fikirlərimi diqqətlə, məsuliyyətlə qəbul edirlər. Bəzi matçlardan əvvəl arxayınlıq olur. Bəzi texniki detalları yerinə yetirə bilməyəndə ona göz yumuram. Mənim üçün vacib olan onların meydandakı mübarizəsidir. Xırda detallar, dialoqlar olur. Hansı motivasiyanı verdiyimizi görmək üçün gərək yanımızda olasınız.

- İlk matçdan əvvəl də, bu gün də "Gent"in baş məşqçisi həm sizin haqqınızda, həm də "Qarabağ" haqda yüksək fikirlər səsləndirirdi. Futbol ictimaiyyəti arasında belə fikirlər var ki, "Qarabağ" Konfrans Liqasında daha çox irəli getməlidir. Hətta siz özünüz də demişdiz ki, çempion olmaq istəyirik. Mövcud reallıqlara görə sizin bu turnirdə hədəfiniz nədir?
- Rəqib baş məşqçiyə verdiyi böyük dəyərə görə təşəkkür edirəm. Mən də Bakıda öz fikirlərimdə bildirmişdim ki, bu məşqçiyə, bu komandaya qarşı oynamaq çox xoşdur. Çünki, bu komandanın özünə xas olan fəlsəfəsi var. Futbolda fərqli sistemlər mümkündür. Sadəcə icraçıların onu meydanda nə dərəcədə yerinə yetirməsi önəmlidir. Təhlil edəndə görürük ki, "Gent"in düşünmədən atdığı addım yoxdur. Hər xırda epizodda çox diqqətli olurlar. Hamı meydanda nə etməli olduğunu bilir. Həmişə belə məşqçilərə, belə komandara böyük hörmətlə yanaşmışam. Bir məşqçi olaraq belə komandaları təhlil etmək asandır, amma onlara qarşı oynamaq heç də asan deyil. Çünki, meydanda hər addımları düşünülmüşdür. Mənə rəhbərliyimizin Konfrans Liqasının finalı ilə bağlı dediyi fikir barədə sual vermişdilər. Mən də bildirdim ki, bunu kim istəməz? Bu, bizim arzumuzdur. Maksimum irəli getməyi istəyirik. Amma hər şeyi təhlil etmək lazımdır. Mütəxəssislərin fikrinə gəldikdə isə, fikir bildirməkdən asan heç nə yoxdur. Təkcə futbolda yox, hər sahədə. Kənardan baxıb fikir bildirməkdən daha asan bir şey həyatda yoxdur. Bunlara hörmətlə yanaşıram. Neçə ildir bu komanda ilə bu yerlərə çıxmaq üçün futbolçularım nələrdən keçiblər. Bu, heç də asan olmayıb. Sanki qarşımızdakı rəqib növbəti mərhələyə keçmək istəmir. Belə fikirlər futbolçularda arxayınlıq yaratmır. Amma oyunçular üzgün olurlar ki, qarşımızdakı rəqibi kiçikdirlər. Dəfələrlə demişəm ki, hər matç bizim üçün Avropa təcrübəsidir. Futbolçular ilboyu bu stress, yükləmə ilə oyunlara çıxırlar. "Gent"i təhlil edəndə görürəm ki, mövsüm ərzində bizimlə matçdakı dinamikada oynayırlar. Bu, futbolçunun stabil qalması üçün çox böyük köməkdir. Biz mərhələni mütləq keçməliyik fikrini qəbul etmirəm. Dünyada belə komanda, belə məşqçi yoxdur ki, bu il çempion oldusa, gələn il mütləq yenə çempion olacaq. Bu gün futbol bizim düşündüyümüzdən dəfələrlə çox sürətlə inkişaf edir. Bizim bilmədiyimiz o qədər detallar, dəyişikliklər var. Bunlarla ayaqlaşmaq çox çətin olur. İnandıqlarına görə hər birinə təşəkkür edirəm. Çox istəyirəm ki, futbolçularım bu cür turnirlərdə əvvəlki illərə nisbətən bir pillə irəli getsinlər. Sabah da buna çalışacağıq. Nə qədər irəli gedəcəyimizi deyə bilmərəm. Futbolda belə şey yoxdur.

Elçin Əlixan

Xəbər xətti