Azərbaycanlı futbol mütəxəssisi Bəxtiyar Musayev Sportal.az saytına müsahibə verib.
- "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə "Gent"i Bakıda məğlub edə bilmişdi. Həmin oyun sizin üçün necə yadda qaldı?
- "Qarabağ"ın necə oynayacağı hər birimiz üçün maraqlı gəlirdi. Çünki komandanı Kadi Borges, Ovusu Kvabena tərk etmişdi. Şahruddin Məhəmmədəliyev zədə, Kevin Medina isə cəza səbəbindən meydanda olmayacaqdı. Doğrudur, "Qarabağ" çempionat oyununu oynamışdı. Amma hamımız üçün maraqlı idi ki, onlar avrokuboklarda özünü necə göstərəcək. Şükürlər olsun ki, qalib gəldilər, həm də göstərilən oyun gələcəyə daha nikbin baxmağa inam verdi. "Qarabağ" ikinci yarıda çox yaxşı performans göstərə bildi. Rəqibi daim təzyiqdə saxlamağı bacardılar. Ramil Şeydayev penaltidən yararlana bilməsə də, komanda ruhdan düşmədi. Hiss olunurdu ki, Qurban Qurbanov komandanı psixoloji olaraq çox yaxşı hazırlayıb. İstifadə edilməyən penaltidən sonra da, komanda "Gent" üzərində təzyiqini davam etdirib, layiqli qələbə qazandı.
- "Qarabağ" "Gent" səfəri öncəsi "Zirə" ilə ağır oyun oynadı. Bu, səfəröncəsi komandanın yorğunluğuna səbəb olacaq?
- Bəli, "Qarabağ"ın bir neçə gün əvvəl "Zirə"yə qarşı bir az çətin oyunu olmuşdu. Qurban Qurbanov bir sıra rotasiyalara əl atmışdı. Onlar neçə ildir ki, bu qrafiklə oynayır. Qurban Qurbanov çox təcrübəli məşqçidir, nə etdiyini də bilən biridir. İnanmıram ki, hər hansı yorğunluq hiss edilsin. "Zirə" ilə görüşdə bir sıra oyunçulara istirahət verilmişdi.
- "Gent"lə səfər oyunu barədə fikriniz necədir? Sizcə, Belçikada "Qarabağ" istədiyi nəticəni əldə edə biləcək?
- Belçikadakı matça böyük ümidlə baxıram. "Qarabağ"ın Bakıda nümayiş etdirdiyi oyun bizə bunu deməyə əsas verir. Allah qoysa, komandamız sərfəli nəticə qazanar və növbəti mərhələyə adlayar. Qurban Qurbanov hər zaman ilk oyundan sonra rəqibi daha da yaxşı analiz etməyi bacaran məşqçimizdir. Ona görə də, ikinci oyunda meydanda daha inamlı "Qarabağ" görəcəyik.
- Komandanın yeni transferləri - Redon Cida, Adama Diakabi və Yassin Benzia artıq bir neçə oyunda meydana çıxıb. Onlar barədə nə düşünürsünüz? Hər üçünün "Qarabağ"a xeyir verə biləcəyinə inanırsınız?
- Hər üçü özünü çox yaxşı tərəfdən göstərə bilib. Hələ Yassin Benzia və Adama Diakabi 6 aydan çoxdur ki, rəsmi matç oynamamışdılar. Amma görünür ki, "Qarabağ"a tez uyğunlaşmağa çalışırlar. Hər üç futbolçu yüksək keyfiyyətlərə malikdir. Komandanın da oyun stilinə tam uyğundurlar. Doğrudur, Diakabi və Benzia hələ tam hazır deyil. Amma hər üçü bundan sonrakı vaxtlarda çox böyük xeyir verəcək "Qarabağ"a. Məncə, hamısı uğurlu transferlərdir.
- Belçikadakı görüşdə Marko Yankoviçin olmaması "Qarabağ"a nə dərəcədə mənfi təsir edəcək?
- Çox təəssüflər olsun ki, Bakıda "Gent"ə qarşı özünü çox yaxşı tərəfdən göstərən Marko Yankoviç bu oyunda iştirak etməyəcək. İnanıram ki, onun əvəzinə meydana çıxacaq futbolçu özünü yaxşı tərəfdən göstərib, bu itkini sığortalayacaq. Komandada yetərincə futbolçu da var.
- "Qarabağ"ın "Gent"lə görüşdən sonra, gələn həftənin bazar ertəsi "Neftçi"yə qarşı oyunu var. Ağdam təmsilçisinin Belçika səfərindən gəlib derbiyə çıxması "Neftçi" üçün üstünlükdür?
- Bəli, "Gent"lə oyundan sonra "Qarabağ"ı "Neftçi"yə qarşı çətin oyun gözləyir. Düşünürəm ki, Qurban Qurbanov yenə rotasiyalara əl ata bilər. Çünki bir həftəyə eyni heyətlə ardıcıl üç oyuna çıxmaq çətin olacaq. Bunu "Neftçi" üçün bir az da olsa, üstünlük sayıram. Amma "Qarabağ" daxili çempionatda bəzi oyunçular olmadan da, çox inamlı çıxış edir. İkisi də öz komandamızdır, güclü olan tərəf qazansın. Hər iki tərəfə uğurlar arzu edirəm. İstəyərəm ki, "Neftçi" də gələcəkdə ölkəmizi layiqincə Avropada təmsil etsin.
Mirbağırağa