Azərbaycanda çalışmış rumıniyalı məşqçilərdən olan Mihai Teja Sportal.az saytına açıqlama verib. 44 yaşlı mütəxəssis həmyerlisi, "Neftçi"ni çalışdıran Laurentsiu Regekampf haqda fikirlərini bildirib.
O, “Rege”nin "ağ-qaralar"ı uğura daşıyacağına inandığını dilə gətirib: "Azərbaycanda rumıniyalı məşqçinin işləməsinə sevinirəm. Söhbət Laurentsiu Regekampfdan gedirsə, onun yaxşı məşqçi olduğunu deyə bilərəm. Ümid edirəm ki, "Neftçi"ni məqsədlərinə çatdıracaq. Hər halda, Regekampf iddialı, yaxşı komandanı çalışdırır. "Neftçi"nin hər mövsüm Azərbaycan Premyer Liqasında çempionluğa oynayan, səviyyəli komanda olduğunu bilirəm. Laurentsiu da yüksək səviyyəli məşqçidir və əminəm ki, komanda ilə böyük uğurlar qazanmaq üçün çalışır. O, işini yaxşı bilən biridir".
"Xəzər Lənkəran"dan ayrıldıqdan sonra “Universitetya Kluj”, “Dinamo”(Buxarest), “Panduri”, “Qaz Metan”, “Stayaua”, “Voluntari”, “Botoşani” klubları ilə yanaşı Rumıniyanın U-21 yığmasında da işləmiş Teja yenidən Azərbaycan Premyer Liqasına qayıtmağa müsbət yanaşdığını söyləyib: “Təbii ki, Azərbaycan Premyer Liqasında işləməyə müsbət baxıram. Orada vaxtı ilə unudulmaz anlar yaşamışam. Bu mənada, Azərbaycana qayıtmaq variantı olarsa, gözdən keçirmək mümkündür”.
Mirbağırağa