"Əlbəttə ki, çox üzgünük. Daha çox futbolçularım üzüldülər. Bu oyunda qalib gəlmək üçün çox istəkli idilər. Meydanda 120 dəqiqə amansız mübarizə apardılar. Hər birinə təşəkkür edirəm. Bura xeyli sayda azarkeşimiz gəlmişdi. Onlar bizə inanaraq, güvənərək gəlmişdi. Əfsuslar olsun ki, penaltilər seriyasında uduzduq. Amma geriyə yolumuz yoxdur, irəliyə baxacağıq. Daha yaxşı komanda formalaşdırmağa, komandanın idman formasını daha da yaxşılaşdırmağa çalışdıracağıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsinin "Gent"lə cavab görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Elvin Cəfərquliyevin adı "Anderlext"lə hallanır. Onun gedişinə icazə verəcəksiz?
- Tək Elvinlə deyil, bir neçə futbolçumuzla maraqlanırlar. Fərqli-fərqli liqaların klublarından təkliflər göndərirlər. Düzdür, rəsmi deyil. Sadəcə maraqlanırlar ki, hansı futbolçunun başqa çempionata yollanmasına icazə verə bilərik. Elvinə rəsmi təklif yoxdur. Amma başqa təkliflər olmuşdu. Bu, məni bir azərbaycanlı olaraq sevindirir. Ona görə ki, yerli, gənc futbolçularımıza təkliflər var. Tam rəsmi olduğu halda, əgər futbolçunun inkişafı üçün ciddi təklifdirsə, görsək ki, Azərbaycan futbolu üçün də fayda verə bilər, əlbəttə, biz bu haqda düşünəcəyik. Əlbəttə ki, biz də o bazara girməliyik, azərbaycanlı futbolçuları ölkə xaricinə çıxarmalıyıq. Azərbaycan futbolunun gələcəyi üçün bu addımı atmalıyıq. Lakin hələ ki, rəsmi təklif yoxdur. Sadəcə maraqlananlar olub.
- "Sauthempton"un müvəqqəti baş məşqçisi Ruben Selyes sizin haqqınızda xoş fikirlər səsləndirmişdi. Sizin özünüzə xarici klublardan müəyyən təkliflər var? "Qarabağ"dan daha böyük kluba, Azərbaycan liqasından daha güclü çempionata getməyə hazırsız?
- Əvvəl də fikirlərimi bildirmişdim ki, özümə görə yox, "Qarabağ" və Azərbaycan futbolunun adına görə onun fikirlərini eşitmək mənim üçün çox xoş oldu. Birlikdə nə qədər işləmişik. Komandanın hazırlığının yaxşılaşması üçün ortaq fikirlərimiz olub. Rubenin orada çalışması məni çox sevindirir. Ona uğurlar arzulayıram. Çünki işgüzar biridir. Öz üzərində çox çalışır, daim axtarışdaydı. "Qarabağ"ın adını orada çəkməsi, Azərbaycan futbolunun adının İngiltərə Premyer Liqasında hallanması mənim üçün xoş oldu.
- Matçın 70-ci dəqiqəsindən sonra "Gent" təşəbbüsü tam olaraq ələ aldı və nəticədə qol vurdu. Kənardan elə görünürdü ki, sanki "Qarabağ" hesabı qorumaq üçün bu taktikanı seçib. Sizin tapşırığınız belə idi ki, 70-ci dəqiqədən sonra komanda müdafiəyə otursun, yoxsa rəqibin təzyiqindən sonra buna məcbur oldunuz?
- Futbolçulara müdafiədə oturmaq tapşırığı verilməmişdi. Ümumiyyətlə, son zamanlar bunun üzərinə çox düşmüşəm ki, istənilən hesabda biz müdafiədə oturmağı düşünmürük. Sadəcə 90 dəqiqə eyni tempi, eyni oyunu göstərə bilmərik. Çünki qarşımızda ciddi rəqib var və istər-istəməz bəzən onlar bizi müdafiədə oturmağa məcbur edir. Belə komandalara qarşı bu cür dəqiqələr olur. Çünki rəqib daha çox uzun toplara, standart vəziyyətlərə üstünlük verirsə, bəzən komanda avtomatik olaraq geri çəkilir. Həmin dəqiqələrdə qapımıza künc və cərimə zərbəsi təyin edildi. İstər-istəməz komanda bir az müdafiəyə çəkildi. Ancaq buraxılan qoldan sonra yenə daha çox irəliyə atılmağa başladıq. Ola bilər ki, hansısa dəqiqələrdə balans pozulur, oyun intizamını qoruyub-saxlaya bilmirsən. Bizim komandada son vaxtlar rəqibdən asılı olmayaraq, müdafiədə oturmaq kimi anlayış yoxdur. Hər halda, bu gün qarşımızda ciddi rəqib var idi. Onlarla görüşdə oyuna nəzarət etmək o qədər də asan deyil. Bakıda da belə hal olmuşdu, birinci və ikinci hissədə bəzən müdafiəyə çəkilmişdik. Ancaq futbolda bu normaldır.
Mirbağırağa