"Şamaxı"nın futbolçusu Fuad Bayramov Sportal.az saytına açıqlama verib.
24 yaşlı sol cinah müdafiəçisi Azərbaycan Premyer Liqasının 24-cü turunun "Sabah"la matçını (2:1) dəyərləndirib. O, qarşılaşmanın gərgin keçdiyini deyib:
"Oyun gərgin mübarizə şəraitində keçdi. Bizim üçün 6 xallıq matç idi. Qarşılaşmanın əhəmiyyətini bilirdik. Buna görə də meydanın hər qarışı uğrunda mübarizə aparmağa çalışdıq. Bəzi epizodlarda alındı, bəzi epizodlarda alınmadı. Çox şadam ki, son dəqiqələrdə qol vurub qələbə qazandıq. Biz hər matça inanaraq qələbə üçün çıxırıq. Biz mübarizəmizi dayandırmayacağıq, sona kimi davam edəcəyik. Çempionata qalmaq istəyirik. Ona görə də məşqlərdə, oyunlarda bacardığımızdan daha artığını edirik".
Fuad Bayramov mövsümün geridə qalan hissəsində göstərdiyi oyunu dəyərləndirib. Müdafiəçi milli komandadan dəvət gözlədiyini deyib:
"Hələ ki, öz performansım məni qane etmir. Bu, mənim üçün son deyil. Daha yüksəkləri istəyirəm. İnkişaf etməyə çalışıram. Hər futbolçunun arzusu, istəyi milli komandada oynamaqdır. Ümid edirəm ki, məni də yığmaya çağırarlar. Bunu gözləyirəm".
Elçin Əlixan
saytlarin hazirlanmasi