Sərxan Hacıyev qadağa qoydu - "Aqrosport"a pul verilməyəcək!

17:04 - 26 Fevral 2023

AFFA-nın baş katibi Sərxan Hacıyev ilə sələfi Elxan Məmmədov arasında ciddi problem yaranıb. Buna səbəb Sərxan bəyin neçə illərdir AFFA tərəfindən edilən ödəmələrə qadağa qoyması olub.

 

Məsələ burasındadır ki, hər il “Neftçi” və “Sumqayıt” klublarına məxsus stadionlarda ot örtüyünə qulluğa görə xidmət haqqı AFFA-nın büdcəsindən ödənilib. “Aqrosport” şirkətinə verilən məbləğ “Neftçi” üçün illik 500 min manat, “Sumqayıt” üçün isə 250 min manat təşkil edib. Lakin ötən il baş katib vəzifəsinə keçən Sərxan Hacıyev bu işə əl qoyub və AFFA-nın daha bu istiqamətdə heç bir ödəniş etməyəcəyini bildirib. Sərxan bəy klubların hər birinə dövlət tərəfindən maliyyə ayrıldığını və klubların da onlara çatan maliyyə ilə xərclərini tənzimləməli olduqlarını söyləyib. Yəni, “Neftçi” ilə “Sumqayıt”a AFFA tərəfindən xüsusi imtiyaz göstərilməsinə qarşı çıxıb.

 

Bu xəbər Elxan Məmmədovu xeyli qəzəbləndirib. İddialar var ki, ölkəmizdə bir çox stadionlarda ot örtüyünə qulluq göstərən “Aqropsort” şirkətində pay sahiblərindən biri elə Elxan Məmmədovun özüdür. Belədə, Sərxan Hacıyev həm də sabiq müdirinin işinə əngəl yaratmış olub.

 

Aydın məsələdir ki, bu cür gəlişmədən hiddətlənən Elxan Məmmədov fəaliyyətsiz qalmayacaq. Hətta yaxın zamanlarda Sərxan Hacıyevə qarşı “qara piar” kampaniyası başlasa, buna təəccüblənməyə gərək olmayacaq.

 

Həmid

Xəbər xətti