"İndiki durumda "Qarabağ" daha çox psixoloji təzyiq altındadır" - MÜSAHİBƏ

10:51 - 27 Fevral 2023

"Qarabağ"ın veteran kapitanı, futbol mütəxəssisi Aslan Kərimov Sportal.az saytına müsahibə verib.

- "Qarabağ"ın bu mövsümkü avrokuboklar sezonu Belçikada başa çatdı. Ağdam təmsilçisinin "Gent" səddini keçə bilməməsini nə ilə əlaqələndirirsən?
- Təbii ki, bu nəticəyə görə hamımız üzgünük. Əslində mən əmin idim ki, "Qarabağ" bu səddi keçəcək. Amma səddi keçə bilməməyimizə görə, bir səbəb götürmək düzgün olmazdı. Burada bir neçə səbəb var. Onlardan birincisi əsas mövqelərdə yer alan aparıcı oyunçuların olmamasıdır. Kevin Medina, Marko Yankoviç, Qara Qarayev oynamırdı. İkinci səbəb isə odur ki, rəqib bizi cinahlarda üstələyə bildi. Digər səbəb, yeni oyunçuların komandaya tam uyğunlaşmaması ola bilər. Bu da mərhələni keçməyimizə mane oldu. Bizim öz oyunumuz da yaxşı alınmadı. Əslində, bu faktlar bir-biri ilə bağlıdır. Biz kəsərli hücumlar qura bilmirdik. Bunun da səbəbi oyunçuların bir-birini başa düşməməsidir. "Qarabağ"ın bəlli oyun şablonu var. Futbolçular 3-4 ildir ki, hücum aspektində eyni məşqləri, eyni gedişatları görürlər. Düzdü, bir neçə əlavələr olur. Amma aşağı-yuxarı bunu şablon halına gətirib çıxarırlar. Oyunun bəzi anlarda futbolçular bir-birinin gözünə baxaraq hansı hərəkəti etmək istədiklərini anlayırlar və rəqibi ani hərəkətlə geri qoyurlar. Bu anlaşma indiki oyunçular arasında yoxdur.

- Ola bilər ki, "Gent" "Qarabağ"ı daha yaxşı analiz etmişdi?
Adətən "Qarabağ"ın texniki heyəti cavab oyunu öncəsi rəqibi daha yaxşı analiz edir. Çünki artıq bir dəfə oynamış olurlar rəqiblə. "Gent" "Qarabağ"ı əla analiz etmişdi. Bizim üstün tərəflərimiz cinahlar idi, bir tərəfdə Abdulla Zubir, digərində Ramil Şeydayev. Zubir təkbətək qalanda yanında üç rəqib peyda olurdu, Ramil Şeydayevin isə qaçması üçün boş zona verilməmişdi. Rəqib "Qarabağ"ın üstün tərəflərini əməlli-başlı bilirdi. Bunun qarşısını alandan sonra, heç nə edə bilmədik. Musa Qurbanlının da təcrübəsi çox deyil. Onun üçün çox qol imkanı yaradılmadı. "Qarabağ"ın oyun stili belədir ki, cinahlarda bir neçə oyunçu keçdikdən sonra rəqibin mərkəzində xaos yaranır və bundan yararlanaraq mərkəzə ötürmədən sonra qol vururlar. Musa Qurbanlı ondan yaxşı istifadə edə bilir. Daxili çempionatda bunu göstərib. Bu cür gedişləri Belçikada görə bilmədik. Çünki rəqib boşluq vermədi. Doğrudur, zaman-zaman olurdu, amma qol vurmaq üçün kifayət etmədi. Rəqib bizi yaxşı analiz etmişdi. Biz də "Gent"i yaxşı analiz etmişdik. Amma mənə elə gəlir ki, "Qarabağ" "Gent"in hücumlarına hazır ola bilmədi. Onlar bizi cinahlardan üstələdi. Həm Zubir, həm Ramil hücumda nə qədər aktiv olsalar da, müdafiədə zəif çıxış etdilər. "Gent" in bizi analiz etməsi, onları uda bilməyəcəyimizə əsas vermirdi. Bakıdakı oyunda "Gent"də gözəçarpacaq məqamlar var idi. Onlar adi vəziyyətdə elə səhvlər edirdi ki.. Rəqibə səhvən ötürmələr verirdi. Amma bəzən də elə riskli oynayrıdılar ki... Yarımmüdafiə və müdafiə xəttimizi bir ötürmə ilə geridə qoymağı bacarırdılar. Biz rəqibi öndə sıxmağın öhdəsindən gələ bilmədik. Ona görə də, uduzduq. "Gent" in qolu isə, düşünülmüş, tipik məşqdə hazırlanmış gediş idi. Buna da, oyunçularımız hazır ola bilmədi. 

- Ötən mövsüm "Marsel", bu mövsüm "Gent". Sizcə, "Qarabağ" nə vaxt bu mərhələni adlamağı bacaracaq? Nə çatışmır bunun üçün?
-  
"Marsel" səddini adlamaq çox çətin idi. Çünki onlar bizdən daha güclü komandadır. Əminəm ki, "Marsel"i keçməmək normaldır. Doğrudur, bu komandanı da keçmək olar, futboldur, hər şey baş verir. Lakin potensial olaraq "Marsel" "Qarabağ"dan daha üstün klubdur. Amma "Gent"ə gəldikdə, "Qarabağ" onları keçə bilərdi, çünki onlardan üstün idik, üstün də futbol nümayiş etdirirdik. Yuxarıda sadaladığım bütün səbəblərə baxmayaraq, hazırkı kollektivlə də "Gent"i geridə qoymaq olardı. Bunun öhdəsindən nə vaxt gələcəklərini bilmirəm. Əslində, bizim potensialımız Konfrans Liqasında minimum 1/4 finala qədər gəlib çıxmaqdır. "Böyük beşlik"dən rəqib düşmədiyi halda, biz digər bütün klublarla başabaş oynayıb, geri qoya bilirik. Ancaq "böyük beşlik" komandaları ilə çətinlik çəkirik. Sadəcə "Gent" bizim üçün çox yaxşı imkan idi. Hər halda, "Qarabağ" həmin məğlubiyyətdən sonra tam olaraq daxili çempionata köklənəcək və əsas məqsəd yayda Çempionlar Liqasında qrup mərhələsinə düşmək olacaq.

- "Qarabağ"ın heyəti yenilənmişdi, problemlərin bundan qaynaqlandığını da düşünmək olar. Bəs sizcə, olmazdı ki, Kadi Borges və ya Kvabena Ovusu qışda avrokub matçı ola-ola yox, yayda satılsın? Hər halda onlar olsaydı, avrokuboklarda daha bir neçə mərhələ adlamaq imkanı olardı "Qarabağ"ın?
Heyət məsələsi sözsüz ki, təsirsiz ötüşmədi. Əminəm ki, Kadi və Ovusu olsaydı, rahat şəkildə "Qarabağ" "Gent"i keçərdi. Çünki bəzi qol imkanlarını əldən verəsi deyildilər. Ancaq getmək istəyən oyunçuların da qarşısını almaq mümkün deyil. Çünki saxlayası olsan, futbolçular həmin performansı verə biləcəkdilər? Bu böyük sualdı. Çünki ortada milyonların söhbəti gedirdi. Hər halda, futbolçu qalsaydı, daha ehtiyatlı oynaya bilərdi. Çünki alacağı zədə onu milyonlardan uzaqlaşdırardı. Bu mənada, futbolçular daha ehtiyatlı oynamağa başlayacaqdılar. Psixoloji olaraq təsir edir. Deməyim odur ki, qalsaydılar, "Qarabağ"ın həmin performansı onlardan alıb-almayacağı dəqiq deyildi. Ona görə də, oyunçu getmək istəyirsə, qeyri-ixtiyarı saxlayırsansa, bu, heç də yaxşı nəticələrə gətirib çıxarmır. Amma Kadisiz də, Ovususuz da "Gent"i keçmək mümkün idi. Lakin biz ikinci oyunu "Gent"ə əməlli-başlı uduzduq. Əslində, "Qarabağ"ın ən üstün tərəflərindən biri topa sahib çıxmaqdır. Təəssüf ki, nə Bakıda, nə də Belçikada bunu etdik. "Qarabağ" özündən qat-qat güclü rəqiblərə qarşı belə, topa sahibolmada üstün idi. "Frayburq"a uduzsaq da, rəqibdən daha çox topa yiyələnmişdik. "Qarabağ"ın əsas fəlsəfəsindən biri də budur. Amma Belçikada bunun öhdəsindən gələ bilmədilər. Bunu aradan qaldırmalıdırlar. Yolların da bilirlər. Oyunçular bir-birini çox yaxşı başa düşməlidir.

- Adama Diakabi, Yassin Benzia və Redon Cica Bakıda oyuna yaxşı qoşulsa da, Belçikada sanki heç nə edə bilmədilər. Bunu nə ilə əlaqələndirirsiniz?
Oyunçular yenidir. İstər-istəməz ötürmə trafikini saxlamaqdan, hansısa gedişatın olmasından ötrü onlar bunu dəfələrlə etməlidirlər. Rəqib səni sıxır, təzyiq edir, topu alan kimi komanda yoldaşına saniyə ərzində qərar verərək ötürmə etməlisən. Yəni, futbolçular bir-birinin gözünə baxıb, nə olduğunu anlamalıdır. Ustalıq səviyyəsindən asılı olaraq, bəzi futbolçular buna tez adaptasiya olurlar, bəzilərinə isə daha çox vaxt lazım gəlir. Yassin Benzia və Adama Diakabinin fərdi ustalığı çox yaxşıdır. Amma komandaya adaptasiya olmaq baxımından zamana ehtiyacları var. Gedişatları məşqlərdə gərək dəfələrlə təkrar etsinlər ki, oyunda onun öhdəsindən daha rahat şəkildə gəlsinlər. Görünür ki, komandanın oyununa kifayət qədər adaptasiya olmayıblar. Belçikadakı görüşdə onların tam potensialını göstərə bilməməsinin səbəblərindən biridir. Rəqibin də kifayət qədər ağıllı gedişləri, oyun üslubu var idi. Biz öz məşqçimizə məşqçi deyirik, amma "Gent"in məşqçisinə məşqçi demirik. O da bizdən daha üstün ola bilərdi. Əməlli-başlı bizi analiz edib, necə "bağlamaq" lazım idisə, onu da etmişdi. "Gent"in baş məşqçisində məni heyran edən məsələ bilirsiz nədir? Demək, Ramil Şeydayev tərəfdə komanda ümumiyyətlə boşluq vermədi, Abdullah Zubir tərəfdə isə hər dəfə 2-3 nəfər yanında peyda olurdu. Onlar "Qarabağ"ı yaxşı analiz edib, üstün tərəfinin qarşısını almağa çalışdılar. Bunun öhdəsindən gələ bildilər. Yeni transferlər də 90 dəqiqə oynamadı, qısa zaman kəsiyində meydana çıxdılar və özlərini göstərmək şansı az idi

- "Qarabağ" həmin ağır oyundan sonra bu gün Azərbaycanda derbisində "Neftçi" önünə çıxacaq. Sizcə, Ağdam təmsilçisi bugünkü görüşdə hansı nəticəni göstərə bilər?
"Qarabağ"ı ağır oyun gözləyir. Çempionatda ona bir az rəqabət göstərə biləcək komandaların birinə qarşı oynayacaq. Hazırki vəziyyətdə üç xal "Qarabağ"ın əlində deyil. "Neftçi"nin oyunundan çox şey asılı olacaq. Düşünmürəm ki, 120 dəqiqəlik matçdan sonra "Qarabağ" Abdullah Zubir və əsas heyətin oyunçularını, bir daha "Neftçi" ilə matçda meydana buraxsın. Uzaqbaşı sona 20 dəqiqə qalmış onları meydanda görərik. Hər halda, əsas üzvləri oynadaraq riskə atacaqlarını düşünmürəm. Çünki zədələnmək ehtimalı çoxdur. Onsuzda, "Qarabağ" bu tempdə oynayaraq, futbolçularının yarısı zədələyiblər. İnanmıram ki, bugünkü üç xala görə digər oyunçuları da riskə atsınlar. Bu gün "Neftçi"nin oyunundan çox şey asılı olacaq. Onlar nə qədər aqressiv oynaya biləcək, rəqibin oyununa qarşı nə dərəcədə aqressivlik göstərə biləcək...Özlərinin də əks-hücumlar zamanı nəticə göstərə bilməyindən çox şey asılıdır. "Qarabağ" hansı heyətlə meydana çıxsa da, onların bəlli oyun üslubu var və bundan geri dönmürlər. Amma rəqibdən çox şey asılıdır. Konfrans Liqası və çempionat oyununun müqayisə etmək düzgün deyil. Hər halda, "Qarabağ" avrokuboklarda da oyun üslubunda davam etmək istəyirdi. Lakin rəqib ona imkan verdiyi qədəri ilə oynaya bildi. "Qarabağ"da psixoloji durum "Neftçi"dən bir addım geridədir. Hər halda, penaltilər seriyasında qaçırılan Avropa səhnəsi var. Doğrudur, "Neftçi"də də psixoloji durum o qədər yaxşı deyil. Onlar da bir çox oyunlarda uduzdular, xal itirdilər. Bunun özü də təsir edir. Lakin indiki durumda "Qarabağ" daha çox psixoloji təzyiq altındadır. Hər halda, mərhələni adlamağa bu qədər yaxın olub, sonda penaltilər seriyasında uduzmaq...Bu, istər-istəməz oyunçulara təsir edir. "Neftçi"nin güclü cəhəti yarımmüdafiə xətti, zəif tərəfi isə mərkəz müdafiəçiləridir. Ağırdılar, "Qarabağ"ın futbolçuları ilə birə-bir qaldıqları zaman çətinlik çəkə bilərlər. Onların öndə pressinq edib-etməyəcəklərini bilmirəm. Amma onu deyim ki, "Qarabağ" öndə pressinq edən rəqibə qarşı daha rahat oynayır. Əgər "Neftçi" diqqətli oynasa, "Qarabağ"dan xal və ya xallar qopara bilər. Ona görə deyirəm ki, bu, çox şey "Neftçi"dən asılıdır, nəinki "Qarabağ"dan. Burada Qurban Qurbanovun 120 dəqiqəlik oyundan sonra meydana kimin buraxacağını da gözləyək. Yəqin ki, Musa Qurbanlı meydanda olacaq. Cavandır, öhdəsindən gələ bilər. Amma Allah qorusun zədə almaq ehtimalları da var. Belə vəziyyətdə meydana çıxıb performans göstərmək asan deyil. Yalnız rəqib sənə imkan verdiyi halda, onu üstələyə bilirsən. İstənilən halda, "Neftçi"dən daha çox şey asılı olacaq.

Mirbağırağa

Xəbər xətti