"Aleksandriya"nın məşqçisi azərbaycanlı haqda: "Qol ötürmələri ilə adından söz etdirdi"

15:18 - 28 Fevral 2023

Ukrayna Premyer Liqasının təmsilçisi "Aleksandriya" ölkə çempionatının 6-cı turundan təxirə salınmış görüşündə "Metallist"lə qarşılaşıb və matç 3:3 hesabı ilə bərabərə qalıb.

Sportal.az xəbər verir ki, "Aleksandriya"nın azərbaycanlı futbolçusu Emil Mustafayev bu görüşə start heyətində çıxıb və iki məhsuldar ötürmə ilə görüşü başa vurub. 

Ruslan Rotanın baş məşqçi postuna gəlməsindən sonra daha çox şans tapmağa başlayan Mustafayevin növbəti oyunlarda da əsas heyətdə oynayacağı gözlənilir. "Aleksandriya"nın köməkçilərindən biri "Qarabağ"ın sabiq futbolçusu Sergey Kravçenkodur. Saytımıza açıqlama verən ukraynalı məşqçi Mustafayevin çıxışı barədə danışıb:

"Bəli, Emil son turda yaxşı performans nümayiş etdirdi. Qol ötürmələri ilə adından söz etdirdi. Bundan əvvəl də, yaxşı məşq etdiyini, özünü yaxşı tərəfdən göstərdiyini bildirirdik. Hər şey Emilin öz əlindədir. Əgər o, bu cür davam edərsə, inkişaf olarsa, əminəm ki, Emilin işləri yaxşı alınacaq. Çünki o, həm yaxşı futbolçudur, həm də yaxşı insandır. Doğru əhval-ruhiyyədə işləyir. Hər zaman da motivasiyası yüksəkdir. Bir daha təkrar edirəm ki, hər şey Emilin öz əlindədir. Belə davam edərsə, onu çox gözəl karyera gözləyir".

Xatırladaq ki, "Aleksandriya" martın 4-də 16-cı tur çərçivəsində “Dnepr”lə üz-üzə gələcək.

Mirbağırağa

Xəbər xətti