Premyer Liqada olduğu qədər birinci divizionda da bombardirlər siyahısında qızğın mübarizə gedir. Hazırda ilk pillədə 17 qolla çempionatın lideri "Araz Naxçıvan"ın futbolçusu Orxan Əliyev yer alıb. Azərbaycanın U-19 və U-21 yığmalarında oynadığı vaxtda gələcəyinə böyük ümidlər bəslənilən 27 yaşlı futbolçu Sportal.az saytına müsahibə verib.
- Birinci divizionda hazırda lidersiniz. Demək olar ki, rəqibləriniz sizin qarşısınızı ala bilmir?
- Öncə deyim ki, biz bütün rəqiblərə ciddi yanaşırıq və oyunlara da yaxşı hazırlaşırıq. Hansısa rəqibimizi dəyərləndirməmək kimi bir şey anlayış ola bilməz. Bizim üçün hər oyun vacibdir. Çempionatdakı mövqeyimizi bərkitmək istəyirik. Bu, bizim əsas vəzifəmizdir.
- Hazırda 17 qolla divizionun bombardirisən. Səncə, mövsümü bombardir kimi başa vurmaq mümkün olacaq? Premyer Liqa təcrübən olduğu üçün yəqin ki, birinci divizionda qol vurmaq sənin üçün o qədər də çətin deyil?
- Bəli, divizionda bombardirlər siyahısında birinci pillədəyəm. Daha çox qol vurmağa çalışacam. Mən meydana ilk növbədə komandama kömək olmaq üçün çıxıram. Hamı qol vurmağa çalışır. Amma bəzən hamıda alınmır. Özümə Premyer Liqada da eyni performansı arzulayıram.
- “Araz Naxçıvan”a çoxları artıq çempion və gələcək mövsüm Premyer Liqada iştirakçısı gözü ilə baxır. Klub rəhbərliyi Premyer Liqada oynayacağınızın mesajını verir?
- Təbii ki, mən "Araz Naxçıvan"ın Premyer Liqada mübarizə aparmasını istəyirəm. Bu cür klub yüksək liqada olmalıdır. Naxçıvanda futbolu çox sevirlər. Rəhbərlik əsas liqada yer almağımız üçün hər şeyi edir. Amma nəyin necə olacağını bir müddət sonra biləcəyik.
- Birinci divizion və Premyer Liqanı fərqləndirən əsas məsələ hansıdır?
- Birinci divizionda oynamaq elə də asan deyil. Premyer Liqa ilə müqayisə etmək istəməzdim. Çünki orada səviyyə tamam fərqlidir. Çətin olub-olmadığının müqayisəsini aparmaq üçün yüksək liqada oynamaq lazımdır. Hər halda, Premyer Liqadan gələn hətta legionerlərin də özünü divizionda hər zaman özünü yaxşı tərəfdən göstərə bilmədiyini görürük.
- Bir vaxtlar “Porto”ya qədər gedib çıxmış, Azərbaycan yığmasında forma geyinərkən gələcəyinə böyük ümidlər bəslənilən futbolçu indi niyə birinci liqadadır?
- Futbolçu karyerasının necə olacağını ehtimal etmək mümkün deyil. Bu gün yüksəlişdəsən, amma sabah heç kimə lazım olmaya bilərsən. Ancaq mən nələr yaşadığımı bilirəm. Çox çalışıram, bu da öz bəhrəsini verir. Bir şeyi bilirəm ki, nə qədər çətin olsa belə, təslim olmamalısınız. İlk növbədə özünüzü sübut etməlisiniz, daha sonra hər kəs hər şeyi görəcək. Kənardan hansısa futbolçunun karyerasını müzakirə etmək asandır. Lakin heç kim onun yerində olmaq istəmir. Nə yazılıbsa, o da olacaq.
- Səncə, Canni De Byazi səni Azərbaycan millisinə dəvət etməlidir? Avropanın əksər millilərinə birinci liqadan da oyunçu çağırılır. Səncə, bunun bizdə baş verməməsi birinci liqaya ciddi yanaşılmaması, çempionatın zəif görülməsi ilə bağlıdır?
- Canni de Byazidən dəvət gözləyirəm(gülür). Bu hadisə baş verərsə, yəqin ki, birinci liqadan Azərbaycan millisinə dəvət edilmiş ilk futbolçu olacam. Hər halda, birinci liqaya daha az diqqət yetirilir. Deyirlər, guya liqa zəifdir, səviyyə o deyil...Mən istəyərdim ki, birinci divizionun da səviyyəsi Premyer Liqadakı kimi olsun. Kənarda qalan, heç kimə lazım olmayan çox futbolçumuz var. Əksinə, ölkədə futbolun səviyyəsini yüksəltmək lazımdır. Bizim ölkədə futbol oynamağı bacarırlar. Birinci liqada da yaxşı futbolçular var. Hansı ki, onlar Premyer Liqada da oynamaq gücündədir. Allah qoysa, tezliklə hər şey düzələr.
Mirbağırağa
saytlarin hazirlanmasi