"Neftçi" bu matçda qalib gəlməli idi. "Qarabağ" Belçikadan yorğun qayıtmışdı. Həm də, meydana əsas heyətlə çıxmamışdılar. Bu, "Neftçi" üçün böyük şans idi. Ancaq onlar bunu dəyərləndirə bilmədilər".
Bu sözləri Sportal.az saytına açıqlamasında Ramal Hüseynov deyib. “Neftçi” və “Qarabağ” klublarında oynamış Hüseynov paytaxt təmsilçisinin oyun üslubunu bəyənmədiyini bildirib: "Hələ ki, "Neftçi"nin oyununu tam olaraq bəyənmirəm. "Neftçi" böyük komandadır, amma oyununa görə aşağı pillələrdəki rəqiblərindən fərqlənmir".
38 yaşlı futbol adamı vaxtı ilə formasını geyindiyi "Neftçi"nin çempionluq şansını da dəyərləndirib: "Neftçi"nin çempion olması çox çətin məsələdir. Bu cür oyunla, bu cür yanaşma ilə heç bir şansları yoxdur. Onsuzda, Azərbaycan Premyer Liqasında hansı komandanın çempion olacağı, neçənci pillədə olacağı əvvəldən bəlli olur. Çünki aşağı səviyyədə keçən çempionat zamanı bunu demək olur. Yenə də, daha yaxşı olacağına ümidim var".
Mirbağırağa