"Ümid edirəm ki, Mahir "Konyaspor"un yeni ulduzu olacaq, sadəcə komandanın işləri yaxşı getmir"

12:18 - 2 Mart 2023

"Mahir Emrelini çoxdandır ki, tanıyıram. Onun Azərbaycadakı karyerası da yadımdadır. Sonradan daha da inkişaf etdi və ölkə xaricinə də yollandı. Bəli, "Konyaspor"a icarəyə gəldiyini bilirəm. Ümidvaram ki, hər şey onun üçün yaxşı alınar".

Bu sözləri Sportal.az saytına açıqlamasında Güvənç Kurtar deyib. Türkiyəli təcrübəli mütəxəssis Azərbaycan millisinin forvardı, "Dinamo"dan (Zaqreb) "Konyaspor"a icarəyə yollanan Mahir Emreli haqda danışıb.

O, Konya təmsilçisinin Superliqada işlərinin yaxşı getmədiyini xatırladıb: "Necə olacağını deyə bilmərəm. Ümid edirəm ki, Mahir Emreli "Konyaspor"un yeni ulduzu olacaq. Sadəcə "Konyaspor"un işləri yaxşı getmir. Komanda hazırda yaxşı durumda deyil. Hər halda, zaman hər şeyi göstərəcək. Mahirin Türkiyə Superliqasında özünü yaxşı tərəfdən göstərməsini arzu edirəm".

Kurtar Superliqada “Kocaelispor”, “Rizəspor”, “Dənizlispor”, “Bursaspor”, Diyarbəkirspor” kimi klubları çalışdırdıqdan sonra bir ara “Rəvan”(Bakı) komandasına da rəhbərlik edib.

Mirbağırağa

Xəbər xətti