Azərbaycanda və Ermənistanda çıxış etmiş legionerlər: "Qarabağ"da oynadıqdan sonra İrəvana yollanan kimdir?

17:13 - 8 Mart 2023

2004-cü ildə Azərbaycan futboluna pul axınından sonra ölkəmizə xeyli sayda legionerlər gəlməyə başladı. Onlar arasında daha səviyyəli, samballıları da oldu, zəifləri də. Azərbaycan Premyer Liqasında bu zamana qədər dünyanın müxtəlif ölkələrindən futbolçular yer alıb.

Amma indiyə qədər ölkəmizdə məlum səbəblərə görə, Ermənistandan olan futbolçular heç vaxt iştirak etməyib. Buna baxmayaraq, həm Azərbaycanda, həm də Ermənistan yüksək liqasında oynamış xeyli sayda futbolçu tapmaq mümkündür. Sportal.az oxuculara bu dəfə həmin futbolçular haqda məlumat verəcək. Onlar arasında Azərbaycandan Ermənistana gedənlər də var, oradan ölkəmizə gələnlər də.

Andrius Qedqaudas

Bu cür keçid edən ilk futbolçu Andrius Qedqaudasdır. "Jalqris"in yetirməsi olan litvalı 2002-2003-cü illərdə üç illik tarixə malik "Spartak"(İrəvan) klubunda oynamışdı. Ermənistandakı yarım illik sezonun ardından "Kaunas"la anlaşan veteran futbolçu 2006-cı ildə "İnter"lə müqavilə imzalamışdı. İki il Azərbaycanda qalsa da, paytaxt klubunda aparıcı oyunçusuna çevrilə bilməyən Andrius yenə ölkəsinə, bu dəfə "Banqa"ya keçmişdi. 

Şota Çomaxidze

Gürcünü ilk olaraq "Neftçi" Bakıya baxışda dəvət etmişdi. Bir neçə yoxlama oyununda meydana çıxmış Şota sonradan "Qarabağ"la anlaşmışdı. Ağdam klubunda 2003/2004 mövsümündə bir oyunun iştirakçısı olan gürcünün Azərbaycandakı karyerası uğurlu alınmadığına görə "Çixura"ya keçmişdi. Şota ölkəsini bir də, üç il sonra Ermənsitanın "Ulises” klubu üçün tərk etmişdi. Amma İrəvan klubundakı 4 oyunluq karyerasından sonra forvard yenidən Gürcüstana qayıtmalı olmuşdu. 

Georgki Krasovski

Karyerasının böyük hissəsi Ermənistan klubları ilə bağlı olanlardan biri Krasovskidir. 2006-cı ildə "Torpedo"nu (Kutaisi) tərk edən gürcü "Qəbələ" ilə anlaşmışdı. Bir mövsümlük uğursuz karyeranın ardından isə Krasovski Gürcüstana qayıtmışdı. Onun Ermənistanla ilk tanışlığı 2009-cu ildə baş tutub. Belə ki, futbolçu "Ararat", ardınca "Ulises"də çıxış edib. 2012-ci ildə isə "Qandsazar"da oynadıqdan sonra ölkəsinə geri dönüb. Hazırda məşqçi kimi fəaliyyət göstərən 43 yaşlı gürcü karyerasına ölkəsinin "Skuri" klubunda yekun vurmuşdu. 

Vitali Ledenyov

Qedqaudasla yanaşı daha bir sabiq "İnter"li Ermənistan çempionatında iştirak edib. Söhbət Vitali Ledenyovdan gedir. Belaruslunun ölkəmizə ilk gəlişi "MKT-Araz"la bağlıdır. İmişli klubunda özünü sübut edə bilməyən Ledenyov ölkəsinə qayıtmışdı. 2008-ci ildə isə "Banants"la anlaşan futbolçu 10 matçda 6 qol vurmağı bacarmışdı. Futbolçunun Azərbaycan və Ermənistan karyerası bununla bitməyib. 2009-cu ildə "İnter"ə transfer olan Vitali daha çox ehtiyatda oturmaqla, vaxt keçirib. Bakını tərk etdikdən sonra isə o, Ermənistana yollanaraq "Ulises"lə saziş imzalayıb. Hazırda isə o, futbol agenti kimi fəaliyyət göstərir.

Yuri Fomenko

Ukraynalı "Kəpəz"də özünü göstərək "İnter"ə transfer olmuşdu. 2013-cü ildə isə AZAL-a keçən forvard burada əvvəlki iki klubundakı kimi effektiv olmadığına görə Litvaya yollanmışdı. 2015-ci ildə Azərbaycana qayıdan Yuri yenidən "İnter"in futbolçusu olmaq qərarını vermişdi. Bir mövsümə 4 qol vuran ukraynalı onunla maraqlanan "Alaşkert" klubuna keçib. Meydana çıxdığı 15 matçda 2 qol qolun sahibi olmuş hücumçu Ermənistan kuboku və superkubokunun qalibidir.

İsmael Beko Fofana

Samir Abasovun zamanında "Zirə"yə transfer olunmuş afrikalı forvarddan gözləntilər yüksək idi. Çünki o, vaxtı ilə “Partizan”, “Çukariçki”, “Voyvodina” kimi klublarda oynamışdı. Forvardın karyerasındakı yüksəlişi isə Ermənsitan klubu ilə bağlıdır. Belə ki, 2012-ci ildə "Şirak"a keçən forvard 2013/2014 sezonunda Çempionlar Liqasının təsnifat mərhələsində "Partizan"la görüşlərdə özünü yaxşı tərəfdən göstərə bilmişdi. Ermənistanda 1:1 başa çatan matçdan sonra serbiyalılar Fofananı transfer etmək üçün danışıqlara başlamışdı. Belqradda da 0:0 oynayan tərəflərdən "Partizan" yoluna davam etmişdi. Ancaq Fofananın Serbiya nəhənginə keçidi özünü çox gözlətməyib. Üç illik “Partizan” karyerası ərzində özünü sübut edə bilməyən forvard "Çukariçki"yə göndərilmişdi. Hazırda işsiz qalan Fofananın son klubu da Ermənistan təmsilçisidir. Belə ki, 2021-ci ildə müqavilə imzaladığı "Alaşkert"in heyətində 32 matça 4 qol vursa da, ermənilər onunla yollarını ayırmışdı. Fil Dişi Sahilindən olan hücumçu 2011/2012 mövsümündə Ermənistan kubokunun qalibidir.

Yevgeni Koçuk

Əslində, bu futbolçu azərbaycanlı futbolsevərlər üçün "Daçiya"dan tanışdır. Belə ki, o, adıçəkilən klubun heyətində 2016/2017 sezonunda Avropa Liqasının təsnifat mərhələsində "Kəpəz"lə qarşılaşmış və komandası evdəki məğlubiyyətə görə avrokuboklardakı iştirakını dayandırmışdı. Sonradan Ramil Şeydayevlə "Jilina"da birlikdə oynayan moldovalı 2018-ci ildə icarə əsasında "Səbail"ə keçmişdi. Azərbaycanda Bayıl təmsilçisindən əlavə "Sabah" və "Keşlə"nin də formasını geyinmiş 29 yaşlı yarımmüdafiəçi 2022-ci ildə "Pünik"dən gələn təklifi geri çevirməmiş, onlarla razılıq əldə etmişdi.

Mateo Mujek

Son olaraq yolunu Ermənistandan salan, bizə tanış futbolçu Mateo Mujekdir. 2017-ci ildə "Neftçi"nin forması geyinən, ancaq Bakı klubunda özünü təsdiq edən bilməyən xorvatiyalı Azərbaycandan ayrılaraq Qazaxıstana yollanmış, "Şaxtyor"un (Karaqanda) futbolçusu olmaq qərarını vermişdi. Qışda isə o, hazırda Ermənistanda iddialı klublardan hesab edilən "Alaşkert"lə müqaviləyə qol çəkmişdi.


Mirbağırağa

Xəbər xətti