"Qarabağ" və "Neftçi" ilə adı hallanan forvard: "Redon Cica ilə bu barədə danışmışıq"

13:09 - 20 Aprel 2023

"İndidən bu barədə açıqlama verməyim, danışmağım doğru olmazdı. Çünki məsələlərlə agentim məşğul olur. Doğrudur, haqqımda xəbərlər çıxır. Amma heç biri rəsmi deyil. Necə olacağını zaman göstərəcək".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Tirana"nın forvardı Florent Hasani deyib.

Hazırda Albaniya klubunun aparıcı üzvü olan kosovolu hücumçunun mövsümün sonunda Azərbaycan klublarından birinə keçəcəyi deyilir. Daha dəqiq desək, onun adı "Qarabağ", "Neftçi" və "Sabah"la hallanır. Hasani adıçəkilən klublardan birinə keçib-keçməyəcəyinə şərh verməyim doğru olmadığını söylədi. O, Azərbaycanın hansı klubu ilə danışıq aparıldığını söyləməsə də, Premyer Liqamızı izlədiyini və "Tirana"dan sabiq komanda yoldaşı, hazırda "Qarabağ"ın formasını geyinən Redon Cica ilə danışdığını etiraf edib:

"Azərbaycan çempionatı haqda məlumatlıyam. Həm də orada sabiq komanda yoldaşım oynayır. Redonla münasibətimiz çox yaxşıdır. Onunla hər zaman kontakdayıq. Bəli, Redonla bu barədə də qısa danışmışıq. O, "Qarabağ"da özünü xoşbəxt hiss edir. Həqiqətən də yüksək səviyyəli futbolçudur".

26 yaşlı forvard Kosovanın “Vuştriya”, “Trepça”, Macarıstanın “Dioşqyor”, “Gyirmot” və İsrailin “Hapoel Kfar Saba” klublarında oynadıqdan sonra 2022-ci ildə “Tirana”ya keçib. Kosovo millisinin üzvünün Albaniya klubu ilə müqaviləsi 2024-cü il mayın 31-də başa çatacaq.

Mirbağırağa

Xəbər xətti