"Gəncə" basketbol klubu ilə Azərbaycan Texnologiya Universitetinin tələbələri arasında görüş keçirilib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ATU rəhbərliyinin təşəbbüsü ilə reallaşan görüşdən öncə ali təhsil ocağının rektoru vəzifəsini icra edən Yaşar Ömərov komanda üzvlərini qəbul edib. Basketbolçuları və məşqçiləri Azərbaycan kubokunu qazanması münasibəti ilə təbrik edən Yaşar Ömərov komandanın nəticələri ilə daim maraqlandığını bildirib. Qarşıdan gələn pley-off mərhələsində kollektivə uğurlar arzulayıb. Başçılıq etdiyi universitetdə tələbələrin basketbolu sevdiyini diqqətə çatdıran dossent təhsil müəssisəsində mütamadi yarışların keçirildiyini əlavə edib. Komandanın baş məşqçisi Yediminas Melyunas, məşqçi Rizvan Səfərov və kapitan Amil Həmzəyev qonaqpərvərliyə və isti qəbula görə təşəkkür edərək Yaşar Ömərovu ev oyunlarına dəvət ediblər. Komandanın adından klubun şərfi universitet rəhbərliyinə hədiyyə olunub. Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Daha sonra "Gəncə"nin üzvləri ATU-nun akt zalında tələbələrin önünə çıxıblar. Gənclərə klubun fəaliyyəti, nailiyyətləri, komandanın son nəticələri və gələcək hədəfləri haqqında məlumat verilib. Basketbolun inkişafı üçün atılan addımlardan bəhs edilib. Qeyd olunub ki, “Gəncə”nin məqsədi ölkəmizi Avropa yarışlarında təmsil etməkdir. Və klubun strateji planı bu istiqamətdə qurulub. Komandaya Azərbaycan yığmasının oyunçuları, amerikalı legionerlər cəlb olunub. Layiqli ehtiyat qüvvənin yetişdirilməsi üçün fəaliyyət planı işlənilib, gənc basketbolçuların inkişafı yönündə iş aparılır. Görüş tələbələrin sualları ətrafında aktiv müzakirələrlə davam edib. Komanda üzvlərinin seçimi əsasında ən yaxşı iki sualın müəllifinə klubun şərfi hədiyyə olunub. Bu kimi görüşlərin gələcəkdə də keçirilməsi, tələbə basketbolçular üçün master-klassların təşkili qərara alınıb.
saytlarin hazirlanmasi