Bu gün Misli Premyer Liqasında 32-ci tura start verilib.
Sportal.az xəbər verir ki, "Kəpəz" - "Sumqayıt" matçında topa ilk toxunuşu 2020-ci il oktyabrın 17-də baş vermiş Gəncə terrorunda valideynlərini itirmiş Hüseyn Əliyev edib. Gəncə klubu Hüseynin doğum gününü təbrik edib, matçdan öncə ona xüsusi hədiyyələr də təqdim olunub. Əliyev "Kəpəz"in U-11 komandasının üzvüdür.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə intensiv atəşə tutulmuşdu. 17 oktyabr 2020-ci il tarixində baş vermiş terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər baş vermişdi. Xeyli sayda insan sağlamlığına və əmlakına dəyən ziyanla yanaşı, mənəvi-psixoloji sarsıntıya məruz qalmışdı. Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər aldı.
Ümumilikdə, Gəncəyə olan dörd terror aktı nəticəsində 26 nəfər həlak olmuşdur. Onlardan 1-i körpə, 5-i uşaq, 10-u qadın olmuşdur. Yaralanan 175 nəfər arasında 32-sinin uşaq, 57-sinin qadın olması birbaşa olaraq, qadın və uşaq hüquqlarının pozulması, hərbi cinayətin ən ağır nümunəsidir.
saytlarin hazirlanmasi