"Bu mövsüm "Kəpəz"ə qarşı oyunlarımız çox maraqlı və mübarizəli şəraitdə keçmişdi. Budəfəki matçın da elə olacağını da ehtimal etmək çətin deyildi. Bizim üçün altı xallıq oyun idi. Şükürlər olsun ki, istəyimizə çatdıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib.
"Kimyaçılar"ın müdafiəçisinin fikrincə, "Kəpəz"ə qarşı Gəncədə oynamaq daha çətindir, nəinki Qəbələdə: "Gəncədə oynamaq daha çətindir. Çünki oradakı oyunda azarkeşlər daha çox gəlir, komandalarına dəstək olurlar. "Kəpəz" ev oyunlarını Qəbələdə keçirəndə, hər iki komanda üçün şərtlər eyni olur. Çünki hər iki komanda səfərdə oynayır. Qələbə qazanmağımıza baxmayaraq, birinci diviziona düşmək təhlükəsini hələ də hiss edirik. Qarşıdakı oyuna 100 faiz hazırlaşmalı və yaxşı nəticə qazanmalıyıq. Turnir cədvəlindəki son 5 komandanın hamısının diviziona düşmək təhlükəsi var".
Qarşıdakı turda "Sumqayıt" "Səbail"i qəbul edəcək. Hüseynov bu matçda komandasının qalib gələcəyinə inandığını bildirib: "Qarşıda bizi çox çətin oyun gözləyir. Biz rəqibimizlə evdə oynayacağıq. Məncə, finala bərabər görüşdür. Azarkeşlərimizin dəstəyi ilə yaxşı nəticə qazanacağımıza inanıram. Bunun üçün də meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq".
Mirbağırağa
saytlarin hazirlanmasi