"Qarabağ"ın veteran futbolçusu, futbol mütəxəssisi Təbriz Həsənov Sportal.az saytına müsahibə verib.
- Azərbaycan Premyer Liqasında daha çox aşağı pillələrdə qızğın mübarizə gedir. Hansı komandanı birinci diviziona daha “iddialı” hesab edirsiz?
- Premyer Liqanı tərk etməyə daha yaxın komandalar “Şamaxı” və “Səbail”dir. Çünki həm xal olaraq digərlərindən geri qalırlar, həm də hər iki komandanın çox çətin oyunları var. Hətta son turda öz aralarında oynayacaqlar. Ola bilər ki, son tura qalsın, ya da tez həll olunar. Bunu qarşıdakı oyunlar göstərəcək. Ən təhlükəli zonada “Şamaxı” və “Səbail”dir. Bir komandanın Premyer Liqanı tərk edəcəyi qərarı, məncə, idman prinsiplərinə uyğundur. Düzgün və ədalətli qərardır. Biz görürük ki, Azərbaycan çempionatında intriqa sona qədər gedir. Ən azından həmin qərardan sonra istər klub rəhbərliyi, istər texniki heyət, istərsə də, futbolçular daha diqqətli və daha məsuliyyətli olurlar. Belə oyunlar futbolçuların da xeyrinədir, inkişaf edirlər, hər oyunda maksimum mübarizə aparırlar. Çempionatın sonuna qədər həyəcan yaşayırlar. Məşqçilər də öz üzərində çalışırlar. Bunların hamısı futbolumuzun inkişafı üçündür. Görək də, çempionatın sonunda necə olacaq. Məncə, intriqa bayaq dediyim iki komanda arasında gedəcək. Ola bilər ki, hər şey son tura qaldı.
- Çempionluq mübarizəsi haqda fikriniz necədir? Sizcə, "Qarabağ" "Sabah" arasında sona qədər davam edəcək?
- Çempionluq mübarizəsi hələ sona çatmayıb. Sona qədər mübarizə gedəcək. Amma deməzdim ki, bu, sırf “Sabah”dan asılı olan məsələdir. “Qarabağ”ın qarşıdakı üç oyunundan çox şey asılıdır. Bu gün “Neftçi” ilə qarşılaşırlar. “Neftçi” üçün “Qarabağ” üzərində qələbə turnir cədvəlində mövqe baxımından bir təsir göstərməsə də, derbidir, onlar özünü sübut etmək naminə maksimumu meydanda qoyacaqlar. “Qarabağ”ın “Qəbələ” və “Səbail”lə də çətin oyunları var. “Qəbələ” çempionatda dördüncü yeri tutmaq istəyir, “Səbail” isə Premyer Liqadan düşməmək üçün mübarizə aparır. Bu üç görüş də çətin olacaq. “Qarabağ” bu üç oyunda xallar itirsə, təbii ki, “Sabah” öz matçlarından maksimum nəticə ilə çıxsa, hər şey ola bilər. Çempionluq uğrunda dəyişiklik olması mümkündür.
- "Sabah"la "Qarabağ" arasında xal fərqi hazırda dörddür. "Sabah"ın çempionluğu yəqin ki, sürpriz olar?
- "Sabah"ın çempion olması təbii ki, sürpriz ola bilər. Lakin həyat, idman sürprizlərlə doludur. Ona görə də, bayaq dediyim kimi, “Qarabağ” xallar itirsə, “Sabah” ondan maksimum istifadə edəcək. Hər şey ola bilər. Yəni, dediyiniz mümkündür. “Qarabağ”ın qarşıdakı üç oyunundan çox şey asılıdır. “Sabah” hər oyuna maksimum nəticə üçün çıxacaq. Çünki şans varsa, niyə də dəyərləndirməyəsən?
- Bu gün keçiriləcək "Neftçi"- "Qarabağ" haqda fikriniz necədir? Bu mövsüm "ağ-qaralar" Ağdam klubu ilə bacarmayıb. Sizcə, bu dəfə qalib gələ biləcəklər?
- Maraqlı oyun olacaq. Ən azından “Neftçi” özünü sübut etmək üçün “Qarabağ” üzərində qələbə qazanmaq istəyəcək. Bunu edə də bilər. “Neftçi” üçün də oyunqabağı böyük motivasiya var. Kubokun finalına çıxıblar. Onlar üçün turnir cədvəlində geriyə düşmək qorxusu yoxdur. İrəliləmək şansı da həmçinin. Amma “Qarabağ”la oyun onlara böyük motivasiya verəcək. Onsuzda, Ağdam klubuna qarşı hər komanda yüksək səviyyədə hazırlaşır. Bu da onların son illərdə qazandığı uğurlarla əlaqədardır. Belə oyunlar daha çox olsa, futbolçular və futbolumuz daha çox inkişaf edər.
- "Qarabağ"ın qış fasiləsindən sonrakı çıxışını necə dəyərləndirərdiz? Qışda heyətə cəlb edilən Adama Diakabi, Yassin Benziadan çox şeylər gözlənilsə də, hələ ki, heç nə görmürük....
- "Qarabağ" avrokuboklarda oynayanda, istər komanda, istər fərdi şəkildə, hər birinin motivasiyası, hazırlığı yüksək səviyyədə olur. Həmin ərəfədə həm avrokuboklarda, həm də Azərbaycan çempionatında yüksək performans göstərirlər. Son üç oyun göstərir ki, "Qarabağ"da eniş var. Bu, psixoloji durumla əlaqədar ola bilər. Çünki avrokubokunun intriqası itib. Azərbaycan çempionatında da qələbələri çox sıralıyırlar. Bəlkə də, istədikləri qədər oyuna tam hazır deyillər. Bu, futbolçuların özündən asılı olmayan məsələdir. "Sabah"a uduzdular, "Zirə" ilə heç-heçə etdilər. Ondan əvvəl "Kəpəz"ə qarşı da yüksək səviyyədə oyun keçirmədilər. 3:1 qalib gəlsələr də, onlar üçün çətin alındı. Çünki "Kəpəz" "Qarabağ"a qarşı çox yaxşı oyun göstərmişdi. "Qarabağ" son oyunlarda bir az zəifləyib. Qışdakı transferlərə gəlincə, özüm də çox inanırdım ki, zaman keçdikcə daha yaxşı olacaqlar. Çünki onların əvvəlki komandalardakı performansları çox yaxşı idi. Mən də fikirləşirdim ki, onlar tez bir zamanda komandaya və Azərbaycan çempionatına uyğunlaşacaqlar. Ancaq biz onu görmürük. Tez-tez zədələnirlər, oynayan vaxtı da qeyr-adi şeylər göstərmirlər. Yəqin ki, onlarda adaptasiya prosesi çox gec keçir. Heç nə, gözləyək görək, sonda necə olacaq. "Qarabağ" özü də bilir ki, çempion olmaq üçün rahatlaşmağa yer yoxdur. "Neftçi" və qalan digər matçlar üçün də maksimum hazırlıq görüb, oynamalıdılar ki, çempionluqlarını ardıcıl olaraq yenə də təsdiqləsinlər.
- Bayaq "Neftçi"nin ölkə kubokunun finalına vəsiqə qazandığına görə, böyük motivasiyası olduğunu bildirdiz. Elə finaldan söz düşmüşkən, sizcə "Qəbələ" ilə matçda "Neftçi"nin şansı daha çoxdur? Hər halda, matç "Bakcell Arena"da keçiriləcək...
- Çox maraqlı final olacaq. Şanslar bərabərdir. Baxmayaraq ki, matç "Bakcell Arena"da keçiriləcək. "Qəbələ" bu stadionda özünü heç də "Neftçi"dən narahat hiss etmir. Son oyundakı "Neftçi" üzərindəki qələbəsi də onu göstərir. Hansı komandanın stadionu olmasına baxmayaraq, şanslar eynidir. Bizi maraqlı oyun gözləyəcək. Hər iki komandaya uğurlar arzu edirəm. Hər halda, hər biri titul qazanmaq istəyər. Kim güclüdürsə, ona qismət olsun.
Mirbağırağa