"Şuaybu "Qarabağ" və "Neftçi"də oynayacaq potensiala malikdir"

16:30 - 10 May 2023

Bu mövsüm Premyer Liqada adından söz etdirən, tapıntılardan biri də Abdullahi Şuaybu oldu. Yayda "Kəpəz"lə müqavilə imzalayan nigeriyalının adı demək olar ki, Premyer Liqadakı əksər klubların transfer siyahısında yer alıb. Futbolçunun Azərbaycana gəlməsində bilavasitə xidməti olan futbol agenti Vaqif Heydərli Sportal.az saytına açıqlama verib.

O, Şuaybu ilə maraqlanan klubların olduğunu gizlətməyib: "Bəli, Azərbaycanda iki-üç komanda var ki, Şuaybu ilə maraqlanır. Ancaq onlar "Kəpəz"lə danışmalıdırlar. Çünki hazırda futbolçunun Gəncə klubu ilə bir illik müqaviləsi qüvvədədir. Necə olacağını zaman göstərəcək".

Mövsümün əvvəlində bəlkə də, çoxları Şuaybunun bu qədər effektiv olacağını gözləmirdi. Vaqif bəy isə nigeriyalının özünü ilk ildəcə göstərməsini belə şərh edib: "Düzünü deyim, Şuaybunun Premyer Liqada effektiv olacağını gözləyirdim. Amma bu dərəcədə olacağını ehtimal etmirdim. Düşünürdüm ki, ilk ilində nisbətən normal çıxış edəcək, ikinci sezonunda isə artıq adından söz etdirəcək. Amma o, ilk ildəcə bunu edə bildi. Təbii ki, sevindirici haldır".

Azərbaycanda tanınmış futbol agentlərindən olan Heydərli "Kəpəz"in hücumçusunun "Qarabağ" və "Neftçi"də belə, oynayacaq potensialda olduğunu söyləyib: "Demirəm ki, "Qarabağ" və "Neftçi" kimi klublara gedib dərhal əsas heyətdə oynayar. Amma o, bu klublarda oynayacaq potensiala malikdir. Bir mövsüm də hazırkı klubunda oynayıb, təcrübə topladıqdan sonra daha iddialı klublara gedə biləcək gücü var. Lakin təbii ki, bunları daha yaxşı məşqçilər görür".

Mirbağırağa
 

Xəbər xətti