"Qəbələ"yə qarşı oyun maraqlı və gərgin keçdi. Qalib gəlmək istəyirdik. Qol vurmaq üçün şanslarımız da var idi. Ancaq dəyərləndirə bilmədik. Hər şey “Səbail”lə oyuna qaldı. Bütün suallara elə həmin matçda aydınlıq gələcək".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Şamaxı”nın yarımmüdafiəçisi Bahadur Həziyev deyib.
Misli Premyer Liqasının 35-ci turunda “Qəbələ” ilə görüşdə 0:0 oynayan “Şamaxı” sonuncu pillədən qurtula bilməyib. Bölgə klubunun aparıcı üzvü son turdakı “Səbail”lə matçda lazımı nəticəni qazanaraq yüksək liqada qalacaqlarına inandığını deyib:
"Premyer Liqada qalmaq şansımız var. Mübarizə apararaq yüksək liqadakı yerimizi qorumağa çalışacağıq. “Səbail”lə matça dörd gün qalıb. Məşqçilərimiz analiz edəcək və oyuna hazırlaşacağıq. Bütün fikrimiz məzh bu oyuna yönələcək. Hər iki komandanın şansı var. Səfərdə oynayırıq, çətin olacaq. Final oyunu kimi çıxacağıq. Döyüşəcəyik. Əziyyət çəkəcəyik, ümidvaram ki, sonda biz sevinəcəyik".
Həziyevin fikrincə, Premyer Liqadan heç bir klub düşməməli, əvəzinə komandaların sayı 12-ə çatdırılmalıdır: "Ev oyunlarımıza çoxlu azarkeş gəlir. Demək futbol var ki, gəlirlər. Yerli, keyfiyyətli futbolçulara sahibik. Keçən ilə qədər əskər futbolçularımızı heç kim tanımırdı. Amma “Şamaxı”da oynadılar və burada üzə çıxdılar. Artıq futbolçularımıza böyük komandalardan təkliflər var. Premyer Liqada bölgə təmsilçiləri oynayanda, maraqlıdır. Çempionatdakı komandaların sayı 12-ə yüksələrsə, daha maraqlı olardı".
Mirbağırağa