"Zirə"nin serbiyalı legioneri Nemanya Ancelkoviç Sportal.az saytına müsahibə verib.
- "Zirə" avrokuboklara vəsiqə qazana bilmədi. Baxmayaraq ki, son oyunda qalib gəldiniz. “Sumqayıt”la oyundan sonra hansı hissləri keçirdiniz?
- Məqsədimiz sona qədər mübarizə aparmaq idi. Bunu etdik və “Qəbələ” ilə eyni xalı topladıq. Lakin avrokuboklara vəsiqə qazana bilmədik. Ola bilər ki, bu mövsüm bəxtimiz gətirmədi. Amma futboldur, biz istədik, sadəcə alınmadı.
- Son turda da avrokuboklara vəsiqə qazanacağınıza inanırdın, yoxsa ümidini itirmişdin?
- Təbii ki, son dəqiqəyə qədər inanırdım. Ona görə inanaraq oynayırdıq, meydana qələbə üçün çıxırdıq. Lakin bu, bizə bəs etmədi. Təəsssüf ki, bu dəfə bu cür oldu.
- Avrokuboklara vəsiqə qazana bilməməyinizin əsas səbəbini nədə görürsən? Məqsədinizə çatmağınıza nə mane oldu?
- Bu mövsüm keçirdiyimiz görüşlərdə çoxlu qol şanslarını əldən verdik, ucuz qollar buraxdıq. Halbuki, əksər görüşlərdə rəqibdən yaxşı oynayırdıq. Amma dediyim məsələlərə görə, alınmırdı. Vəsiqə qazana bilməsək də, Avropada oynamağa layiq olduğumuzu düşünürəm.
- "Zirə"dən ayrılmışdın, amma qışda yenidən qayıtdınız. Mövsüm sənin üçün necə alındı? Niyə getmişdin, niyə qayıtdın?
- Rusiyadan yaxşı təklif aldığım üçün “Zirə”dən ayrılmışdım. Ancaq həmin klubla bağlı işlər yaxşı getmədi və mövsümün sonuna kimi “Zirə”yə qayıtmağa qərar verdim. Düşünürəm ki, “Zirə”yə qayıtmaqla yaxşı iş görmüş oldum. Düzdü, məqsədimizə çata bilmədik, amma istənilən halda bu komandada oynamaq xoşdur.
- "Zirə"nin yeni mövsümdən daha iddialı olacağı gözlənilir. Yeni mövsüm komandada özünə yer görürsən? Klub rəhbərliyi təklif göndərib?
- Hələ heç nə bilmirəm. Çünki “Zirə” ilə danışığım olmayıb. Bəli, mən də düşünürəm ki, yeni mövsümdən komanda çox yaxşı olacaq. Müqavilə ilə bağlı konkret danışığımız olmayıb.
- Başqa klublardan necə, təklif almısan?
- Bəli, Azərbaycan klublarından təkliflər almışam. Amma hara gedəcəyimə hələ qərar verməmişəm. Vaxtım var. Baxacam, nəzərdən keçirəcəm və qərarımı verəcəm.
Mirbağırağa
saytlarin hazirlanmasi