"Araz Naxçıvan"ın baş məşqçisi: "Qarabağ" kimi bir komanda olmaq istəyirik"

16:56 - 5 İyul 2023

Premyer Liqaya vəsiqə qazanan "Araz Naxçıvan" yeni mövsümün hazırlıqlarına başlayıb.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov hazırlıq prosesi ilə bağlı "CBC Sport" kanalına açıqlama verib. O, toplanışın ikinci mərhələsini Türkiyədə keçəcəklərini bildirib:

"Artıq üçüncü gündür məşq edirik. Düzdür, bir az gec başladıq. Amma inanıram ki, öz işimizlə vaxtı kompensasiya edəcəyik. Dəvət göndərdiyimiz yerli futbolçular var. Hazırda cavab gözləyirik. Düşünürəm ki, 2-3 gün ərzində komandamıza qatılan futbolçular olacaq. İyulun 12-də "Turan Tovuz"la yoxlama oyunu keçərəcəyik. Ayın 6-da rəhbərliklə baş tutmalı olan görüşümüz müəyyən səbəblərdən təxirə salındı. 12-si növbəti görüşdən sonra Ərzuruma yollanmalıyıq. Hər şeyə Ərzurumda yekun vurulacaq".

Azər Bağırov "Araz Naxçıvan"ın gələcək planları haqda danışıb. 42 yaşlı mütəxəssis qarşıdakı illərdə avrokuboklar uğrunda mübarizə aparan komanda formalaşdırmaq istədiklərini söyləyib:

"Biz və rəhbərlik ilk gündən "Araz Naxçıvan"ın onurğa sütununu formalaşdırmaq istəyirik. Bunun üçün də əlbəttə ki, vaxt lazımdır. "Qarabağ" kimi bir komanda olmaq istəyirik. Bilirsiz ki, "Qarabağ" neçə ildir Avrokuboklarda iştirak edir. Bu da Qurban Qurbanovun sayəsində olub. Bir gündə həll olunan məsələlər deyil. "Araz Naxçıvan" olaraq 3-4 ilə avrokuboklarda iştirak edəcək komanda yaratmaq istəyirik. İnanıram ki, bunun öhdəsindən gələcəyik. Bir ay, iki ay olacaq, deyə bilmərəm. İnanıram ki, tezliklə rəqiblərimizi doğma divarlar arasında qəbul edəcəyik. Azarkeşlərimizin dəstəyilə bunun öhdəsindən gələcəyik. Azarkeşsiz futbolun marağı yoxdur. Naxçıvanda da futbolu sevirlər".

Elçin Əlixan

Xəbər xətti