"Araz Naxçıvan" braziliyalı yarımmüdafiəçi transfer etdi

16:58 - 17 İyul 2023

Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “Araz Naxçıvan” növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi braziliyalı Vanderson Kavalkante Melo ilə anlaşıb. Tibbi müayinədən keçən 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Futbolçunun sonuncu klubu Odessa “Çernomorets”i olub. Vanderson vətənində “Koritiba”, “Fos-du-İquasu”, “Marinqa”, İsveçin “Eskulstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” klublarında forma geyinib.

Vanderson müqavilə imzaladıqdan sonra təəssüratlarını klubun mətbuat xidməti ilə bölüşüb:

“İlk dəfədir ki, Azərbaycanda oluram. Burada çoxlu həmyerlilərim çıxış edir. Biz də “Araz Naxçıvan”a uğur qazandırmaq üçün gəlmişik. Nəticələrimizin yaxşı olması üçün çalışacağıq. Dəvət etdiklərinə və kluba keçidimə köməklik göstərdiyinə görə, rəhbərliyə və menecerimə təşəkkür edirəm”.

Xəbər xətti