"Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyev Sportal.az saytına müsahibə verib. O, Ağdam təmsilçisinin Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə "Olimpiya"ya qalib gəlməsini şərh edib.
- "Qarabağ" "Olimpiya" ilə səfər matçında qalib gəlməyi bacardı. Hansı nəticəni gözləyirdin?
- Sevindirici haldır ki, "Qarabağ" səfərdə sərfəli nəticə qazandı. Onların bu cür qələbəsini gözləyirdim. Əslində, 2:0 yaxşı hesabdır. Çətin keçəcəyi bəlli idi. Amma ehtimal edirdim ki, "Qarabağ" Sloveniyada qələbə qazanacaq.
- İlk oyunda səfərdə 2:0 hesabla qalib gəlməklə "Qarabağ" işinin neçə faizinin öhdəsindən gəlmiş oldu?
- Dediyim kimi, 2:0 yaxşı hesabdır, yaxşı üstünlükdür. Ancaq "Qarabağ" istənilən halda ehtiyatlı olmalıdır. İlk matçın sonlarında rəqibin qol vurmaq üçün bəzi fürsətləri yaranmışdı. Ümumi götürəndə, "Qarabağ" evdə "Olimpiya"ya qarşı rahat oynayıb, qalib gələ bilər. Sadəcə futboldur da, hər şey baş verir. Ehtiyatı əldən vermək olmaz.
- Qurban Qurbanovun Şahruddin Məhəmmədəliyevi ehtiyata göndərib, Luka Quqeşaşviliyə şans verməsi və Andrey Lunyovun da transfer edilməsinə necə şərh verərdiniz?
- Bunu baş məşqçi daha yaxşı bilər. Bəlkə həmin vaxtı məşqlərdə Quqeşaşvli yaxşı olub deyə, onu oyuna buraxıb. Bu barədə bir söz deyə bilmərəm. Hamımız Şahruddini də, Quqeşaşvilini də tanıyırıq. Qərarı verən baş məşqçidir, buna hörmətlə yanaşmaq lazımdır. Şəxsi fikrim belədir ki, Şahruddin Quqeşaşvilidən güclü qapıçıdır. Bununla Lukanın zəif qolkiper olduğunu demirəm. Ancaq ikisinin arasında seçim etməli olsam, üstünlüyü Şahruddinə verərdim. Doğrudur, səhvləri də olub. Futboldur da, normal haldır, səhvlər olmalıdır. Andrey Lunyovun gətirilməsi haqda isə bir söz deyə bilmərəm. Demək olar ki, axırıncı il "Bayer"də (Leverkuzen) oyuna çıxmayıb. Hansı formada olduğunu bilmirəm. Hər halda, hamı Lunyovun da necə qolkiper olduğundan xəbərdardır. "Zenit"də dayanıb, "Bayer"ə elə-belə getməyib. Məncə, sonda qapıda dayanan yenə də Şahruddin olacaq. "Qarabağ"a Asmir Beqoviç, Vaqner Da Silva, çox qolkiper gəldi-getdi, sonda yenə də qapı Şahruddinə tapşırıldı. Mənim üçün indiki vəziyyətdə Azərbaycanda bir nömrəli qolkiper Şahruddindir. Quqeşaşvilidən də güclüdür. Hərənin öz fikri var.
- "Qarabağ" bu heyətlə Avropa Liqasında qrupdan çıxmağa da qadirdi, yoxsa yenə transfer lazımdır?
- "Qarabağ"ın heyəti yaxşıdır və bu kollektiv qruplara düşməyə layiqdir. Ola bilər ki, bəzi futbolçular tam formada deyillər, öz oyunlarını nümayiş etdirə bilmirlər. Amma ümumilikdə "Qarabağ"ın yaxşı heyəti var.
- Son transfer Mateus da Silva haqda hansı fikirdəsən? Deyəsən, Marko Veşoviçlə arasında böyük rəqabət olacaq..
- İlk oyunda Mateus meydana çıxdı, pis çıxış etmədi. Hətta 2-3 qol epizodu oldu, yararlana bilmədi. "Olimpiya" ilə matçda pis çıxış etmədi. Amma bir oyun keçirib. Ona gələcəkdə uğurlar arzulayıram. Ümid edirəm ki, komandaya xeyir verəcək. Lakin məncə, Marko öz mövqeyində çox güclüdür. O, Mateusdan üstün futbolçudur.
- Tez-tez ötən mövsümkü komanda ilə indiki müqayisə edilir. Səncə, hansı güclüdür?
- Doğrudur, ötən mövsüm də "Qarabağ"ın çox güclü heyəti var idi. Bu il də yeni transferlər olub, dəyişikliklər baş verib. Nə qədər dəyişiklik olsa da, "Qarabağ"ın sistemi eynidir. Zaman keçdikcə "Qarabağ"ın bu heyəti daha yaxşı olacaq. Çünki yaxşı transferlər var. Fikrimcə, bu il heyət ötən mövsümkündən daha yaxşıdır.
Mirbağırağa
saytlarin hazirlanmasi