"Çoxları "Qarabağ"a böyük hesabla uduzacağımızı gözləyirdi" - MÜSAHİBƏ

13:18 - 30 Avqust 2023

"Kəpəz"in kapitanı Yeqor Xvalko Sportal.az saytına müsahibə verib. Belaruslu legioner komandasının "Qarabağ"la görüşdəki 1:1 hesablı nəticəsini şərh edib.

- “Kəpəz” Premyer Liqanın 4-cü turunda “Qarabağ”la 1:1 hesablı bərabərə qaldı. Əslində, “Kəpəz”in bu görüşdə böyük hesabla məğlub olacağını gözləyənlər az deyildi. Necə oldu ki, “Qarabağ”dan xal götürdünüz?

- Bəli, çoxları "Qarabağ"a böyük hesabla uduzacağımızı gözləyirdi. Hətta bu barədə baş məşqçimiz oyundan əvvəl bizə demişdi. Amma biz bu görüşə çox ciddi, çox istəkli hazırlaşmışdıq. Rəqibi analiz etdik. “Qarabağ”ın rotasiyaya gedəcəyini, necə oynayacağını bilirdik.  Bu matçda xal qazanmağı çox istəyirdik. Şadam ki, bunu edə bildik. 

- Hesabı bərabərləşdirdikdən sonra “Qarabağ”ın təzyiqinin qarşısında tab gətirmək daha da çətinləşdi? 

- Bəli, hesabı bərabərləşdirdikdən sonra daha da çətin idi. “Qarabağ” tam heyəti ilə oynamağa başladı. Amma biz dayana bildik, rəqibin hücumlarının qarşısını aldıq.

- Juninyo Vieyra vurduğu qol zamanı səninlə mübarizədə topu qarşısına ataraq qapıya zərbə endirdi və hesabı açdı. Onu zərərsizləşdirmək mümkün deyildi?

- Düzünü deyim, realda onun qədər sürətli futbolçu görməmişdim. O, bizim üçün ciddi problemlər yaşada bildi. Lakin çalışdıq ki, qarşısını alaq. Doğrudur, bir qol vurdu, amma matçdan xalla ayrılmağı bacardıq.

- “Kəpəz” bu mövsüm “Neftçi” və “Qarabağ”dan xal ala bilib. Sizin üçün böyük motivasiyadır?

- Bu cür rəqiblərlə oyunlarda xal qazanmaq xoşdur. Məncə, həm “Neftçi”, həm də “Qarabağ”la matçlarda xal qazanmağa layiq idik. Təbii ki, digər rəqiblərlə görüşlərdə də xal almalıyıq. 

- Ötən mövsümkü “Kəpəz”lə bu mövsümkü arasında hansı fərqlər var? Liqada qala biləcəksiz?

- İki fərqli komandadan söhbət edirik. Fərqli futbolçulardır, məşqçilər korpusu da həmçinin. Bəli, bilirik ki, avrokuboklar uğrunda mübarizə aparmayacağıq. Amma yavaş-yavaş addım atacağıq. Yaxın vaxtlarda akademiya hazır olacaq ki, bu da böyük üstünlükdür. 

- Növbəti oyununuz “Araz-Naxçıvan”a qarşıdır. Bu komanda 9 ildən sonra Premyer Liqaya qaylıtsa da, yetərincə yaxşı və uğurlu alınır. Gəncədə onları məğlub etməyiniz mümkündür?

- “Araz-Naxçıvan”da çoxlu sayda legionerlər var. Onlar maraqlı və yaxşı futbol oynayırlar. Biz onlarla matçda qalib gəlməyə çalışacağıq. Həmin oyundan sonra milli komandalara görə fasilə olacaq. Bu fasiləyə qələbə ilə ayrılmaq istəyirik.

Mirbağırağa

Xəbər xətti