Azərbaycan Premyer Liqasında oynamış Sloveniya millisinin sabiq üzvlərindən olan Mitya Möreç Sportal.az saytına müsahibə verib. Vaxtı ilə "Rəvan"ın formasını geyinmiş sloveniyalı hazırda Avstriyada "Floridsdorfer" klubunun baş məşqçisidir. O, bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" və "Olimpiya" klubları arasında keçiriləcək cavab görüşündən gözləntilərini açıqlayıb.
- Təxminən 9 il əvvəl “Rəvan” klubuna keçmişdiniz. Ona qədər isə yetərincə tanınmış komandalarda oynamışdınız. Necə alındı ki, Sloveniya millisinin üzvü Azərbaycanda oynamağa gəldi?
- 2012-ci ildə "Den Haaq"da oynayırdım və belimdən zədələnmişdim. Həmin vaxtı əməliyyat edildim. Ondan sonra isə həmişəki səviyyəmdə olmadım. O ərəfələrdə də təkliflərim yox idi. Düzünü deyim, mənə maraq göstərən tək komanda "Rəvan" oldu. Mən də müqavilə imzaladım. Bakıda yaşadığım anları xatırlayıram, hər şey gözəl idi. Heyfsləndiyim məqam mövsümün bizim üçün yaxşı keçməməsi idi. Hər halda, ölkənizdəki anlarım xoş xatirələrlə yadda qaldı.
- 2018-ci ildən məşqçiliyə başlamısınız və hazırda Avstriyada birinci divizionda yarışan "Floridsdorfer"i çalışdırırsınız....
- Bəli, futbolçu karyeramı başa vurduqdan sonra məşqçiliyə başladım. Öncə aşağı yaş qruplarında, daha sonra böyük futbolçularla işlədim. İndi də, “Floridsdorfer”dəyəm. Məqsədlərimiz var, onun uğrunda çalışırıq.
- Sizin ölkənin çempionu "Olimpiya" Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşdı və 0:2 hesabı ilə uduzdu. İlk matçı izlədiniz?
- Bəli, “Olimpiya” – “Qarabağ” matçına baxdım. Düzünü desəm, “Olimpiya”nın bütün matçı son dəqiqələrdə oynadığı kimi, yaxşı oynayacağını düşünürdüm. Yəqin ki, bu, "Olimpiya"nın bu mövsümdə ən pis ilk yarısı idi və “Qarabağ” bundan dərhal istifadə etdi.
- O zaman “Qarabağ”ın qələbəsi sizin üçün gözlənilməz olmayıb. Sizcə, "Olimpiya" nəyə görə "Qarabağ"la matçda uğurlu nəticə qazana bilmədi?
- Oyundan əvvəl “Qarabağ” keyfiyyətinə və son 10 ildə avrokuboklarda qazandığı təcrübəyə görə mənim üçün kiçik favorit idi. Artıq qeyd etdiyim kimi, “Olimpiya” ilk hissədə yaxşı oynamadı, “Qarabağ” kimi komandaya qarşı yol verilməyəcək səhvlər buraxdılar. Bu cür rəqiblərlə görüşdə 90 dəqiqədən də çox dayanmalısan və konsentrasiya olmalısan. Hər kiçik səhvə görə cəzalandırılırsan və ötən həftə də belə oldu.
- “Qarabağ” ilk oyunda 2:0 hesabı ilə qalib gəldi. Sizcə, Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinə daha yaxındır, yoxsa “Olimpiya” geridönüş edə bilər?
- Futbolda hər şey mümkündür, amma mən hesab edirəm ki, "Olimpiya"nın "come back" etmək şansı azdır. Təbii ki, Sloveniya futboluna görə bunun baş verməsini arzulayıram, lakin bu, çox çətin olacaq. “Qarabağ”ın məşqçilər korpusu kifayət qədər keyfiyyətlidir. Onlar bu cür oyunlara necə hazırlaşmaq lazım olduğunu çox gözəl bilir. Üstəlik, keyfiyyətli futbolçu heyəti var, bu cür oyunlar üçün böyük təcrübəyə sahibdirlər.
- "Qarabağ"da ən çox hansı futbolçunu bəyəndiniz?
- “Qarabağ”ın kapitanı olan Abdulla Zubiri qeyd etmək istəyərdim. Əla oyunçudur, çətin vəziyyətdə fərq yaradan oyunçudur. Bir hərəkət, bir ötürmə və ya gözlənilməz zərbə ilə oyunda həlledici olacaq oyunçudur. Düşünürəm ki, hər bir baş məşqçinin arzusu komandasında belə bir futbolçunun olmasıdır.
- Necə düşünürsüz, 9 il əvvəl Azərbaycanda oynadığınız vaxtda gördüyünüz "Qarabağ"la indiki arasında çox fərq var?
- "Qarabağ" mənim vaxtımda da çox güclü idi. Amma düşünürəm ki, son illərdə çox böyük addımlar atdılar. Nəticələr hər il daha yaxşı olur, ona görə komplimentə layiqdirlər. Fərq ondadır ki, onların daha da yaxşı maliyyə imkanları var və kluba yaxşı oyunçu gətirə bilərlər. Həmçinin Qurban bəy uzun illərdir klubdadır, bu əladır, ancaq uzunmüddətli əməkdaşlıqla uğur qazana bilərsiniz. Ümid edirəm ki, onlar həm də məşq meydançaları, bazalarına, gənclər üçün akademiyaya yatırım edirlər.
Mirbağırağa
saytlarin hazirlanmasi