"Albaniya və Azərbaycan çempionatlarını müqayisə etmək istəmirəm, düzgün çıxmır" - MÜSAHİBƏ

15:51 - 2 Sentyabr 2023

Karyerasını Albaniyanın "Eqnatiya" klubunda davam etdirən Vüsal İsgəndərli Sportal.az saytına müsahibə verib. Komandasının heyətində ötən həftə ölkə çempionatının 1-ci turunda debüt edən İsgəndərli Albaniya yüksək liqasının səviyyəsi haqda danışıb. Vüsal sabah 2-ci tur çərçivəsində "Kukesi" önünə çıxacaq komandasının bu oyundakı məqsədlərindən də söhbət açıb. 

- Komandan sabah Albaniya çempionatında ikinci görüşünə çıxacaq. Rəqibiniz "Kukesi" olacaq. Səncə, bu turda qalib gələ biləcəksiz?

- İlk matçda istəmədiyimiz və gözləmədiyimiz məğlubiyyət aldıq. Oyun olaraq "Skenderbeu"dan üstün idik. Amma təəssüf ki, uduzduq. Əlbəttə, bu turda əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. İnanıram ki, bunu edəcəyik.

- Maraqlıdır ki, "Skenderbeu" ötən mövsümə qədər birinci divizionda oynayırdı, lakin onlara uduzdunuz. Məğlubiyyətinizə əsas səbəbi nədə görürsən?

- Bəli, onlar ötən mövsümün yekunlarına görə Premyer Liqaya qayıtdılar. Özü də, birinci divizionda çempion oldular. Ancaq onlar yüksək liqanın ən yaxşı klublarındandır. İkinci hissəni çox yaxşı keçirdik. Amma təəssüf ki, olmadı, qələbə qazana bilmədik. "Skenderbeu"ya məğlubiyyəti unudub, sabahkı oyunu düşünməliyik.

- "Eqnatiya"nın bu mövsümkü məqsədi nədən ibarətdir? Çempionluğunuzu real hesab edirsən?

- Təbii ki, hər bir komandanın məqsədi olur. Mövsüm yeni başlayıb, liqada cəmi bir oyun keçirmişik. Klub rəhbərliyi tərəfindən qarşımıza qoyulan məqsəd, hədəf avrokuboklara vəsiqə qazanmaqdır. 

- Albaniya çempionatının ilk turunda meydanda oldun, keçirilmiş digər matçlara da yəqin ki, baxmısan. Sənin üçün maraqlı gələn nə oldu? Diqqətçəkən məqam hansıdır?

- Bura gələndən bir çox hazırlıq oyunu və üç rəsmi görüş keçirmişəm. Onlardan biri ölkə çempionatı, ikisi də avrokubok matçlarıdır. Diqqətçəkən məqamlar arasında lap birincisi azarkeşlərdir. Onlar çox emosional, çılğındır. Kluba çox dəstək olurlar. Əsas məsələ isə skautların hər oyuna gəlib baxmasıdır. Bu da bizə motivasiya verir.  

- Səfərlərə getmək üçün məsafə çoxdur, yoxsa necə? Məsələn, oyunlara avtobusla, qatarla, yoxsa təyyarə ilə gedib-gələcəksiz?

- "Skenderbeu"ya qarşı matç evdəydi. İkinci matçımız isə səfərdə olacaq. "Kukesi" ilə görüş üçün səfərə yollanacağıq. Amma düzünü deyim, hələ məsafənin nə qədər olduğunu bilmirəm. Bir müddətdən sonra hər şeyi dəqiq görəcəm, biləcəm.

- Albaniya və Azərbaycan çempionatlarını necə müqayisə edərdin? Hansı daha güclüdür?

- Türkiyədə oynayanda da, liqaları müqayisə etmirdim. İndi də, Albaniya və Azərbaycan çempionatını müqayisə etmək istəmirəm. Çünki düzgün çıxmır. Öz ölkəmə, öz klublarıma çox böyük hörmətim var. Hansı liqada oynasam da, ora mənim üçün doğma, ən əziz, ən gözəl ölkədir. Qarşıma qoyduğum hədəflər var, daha uğurlu olaraq yüksək yerlərə gedəcəm. Özümə tam inanıram.

Mirbağırağa

Xəbər xətti