Rəşad Sadıqov: "Seçim imkanım olsaydı, "Qəbələ" ilə qarşılaşmaq istəməzdim"

20:24 - 2 Sentyabr 2023

"Maraqlı və gərgin oyunun şahidi olduq. Hər iki komanda qələbə üçün mübarizə aparırdı. Standart vəziyyətdən qol buraxdıq. İlk hissədə qoldan sonra reaksiya verə bilmədik. İkinci hissdə fərqli "Zirə" gördük. Sadəcə olaraq son vuruşlarda dəqiqlik çatmadı. Buradan 1 xalla ayrıla bilərdik. Məyusuq".

Sportal.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 5-ci turunun "Qəbələ" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Ötən mövsüm "Qəbələ"yə 4 oyunun 2-də uduzmuşduz. Rəşad Sadıqov Elmar Baxşıyevlə bacarmır, yoxsa "Zirə" "Qəbələ" ilə?

- Ümumiyyətlə, "Qəbələ" mövsümdə oyunlarımız nəticə baxımından uğursuz alınır. Elə matçlar olub ki, açıq-aşkar üstün oynayırdıq. Bu gün seçim imkanım olsaydı, "Qəbələ" ilə qarşılaşmaq istəməzdim. Bilirdik ki, rəqib son döyüşə çıxacaq. İstəkli idik, növbəti qələbəni qazanmaq istəyirdik. Alınmadı, təhlil edəcəyik. 

- İlkin Muradovun əsas komandada olmamasının səbəbi nədir? Onu cəzalandırmısız?

- Cəzalandırmaq deməzdim. İlkin komandamızdadır. Performansı ilə bağlı belə qərar vermişik. Növbəti turlarda meydanda da görə bilərik, komandadan gedişini də görə bilərik.

- Onun problemi nədir?

- Elə məsələlər var ki, media qarşısında danışa bilmərik. Bəzi problemlər var. Çözməyə çalışırıq.

- Qismət Alıyevə meydanda hansı tapşırıq vermişdiz?

- Bilirdik ki, keçmişdə bu mövqedə oynayıb. İsmayılın itkisindən sonra yerli oyunçu ilə bağlı problem yaşayırıq. Buna görə belə qərar verdik. Yaxşı oynayırdı.

- Milli komandaya "Zirə"dən kimlərin çağırılacağını gözləyirsiz?

- Yəqin ki, bizdən çağırılanlar əsas heyətdə oynamayacaq. Mən məşqçi olaraq istəyərdim ki, getməsinlər, bizimlə birlikdə hazırlaşsınlar. Amma çağırsalar da futbolçular canla-başla gedəcəklər.

Elçin Əlixan

Xəbər xətti