"Bilirdik ki, bizi ağır oyun gözləyir. "Zirə" yaxşı təşkilatlanmış komandadır. Bu tura kimi enişli oyun nümayiş etdirirdik. Amma komanda dinamika və əzmkarlıq baxımından göstərdi ki, bizi siyahıdan silmək olmaz. Getdikcə daha məzmunlu və hücumameyilli futbol sərgiləyəcəyik. İstirahət edib qarşıdakı matçlara hazırlaşacağıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premeyr Liqasının 5-ci turunun "Zirə" (1:0) ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Rəşad Sadıqova da bu sualı verdik. "Qəbələ" ötən mövsüm də "Zirə"ni məğlub edirdi, bu gün də qalib gəldiniz. Demək olar ki, Rəşad Sadıqov sizinlə bacarmır?
- Mən də Rəşad Sadıqov kimi cavab verəcəyəm. Meydanda Rəşadla Elmar oynamır, komandalar oynayır. Bu gün hər iki komanda qələbə qazana bilərdi. Komandadan meydanda istədiyimi aldım.
- Qırmızı vərəqə aldığınız epizodu necə şərh edərdiniz?
- Emosiya ilə bağlıdır. Hakimlər bizim sözlərimizə dərhal fikir verməməlidir. Biz də oyunun içindəyik. Emosiyalarımı göstərdim.
- Ehtiyatda oyunu gücləndirəcək futbolçu yoxdur. Transfer gözlənilir?
- Heyətimiz geniş görünsə də, oyuna təsir edəcək futbolçuların sayı azdır. Güclənməyə ehtiyacımız var. Rəhbərliklə danışığınmız olub, bir futbolçu transfer edəcəyik.
- Osama Halaylanın oynamamasının səbəbi nədir?
- Narahatlığı yoxdur. Mənim pronsiplərim var. Futbolçular buna uyğunlaşmalıdır. Özü niyə oynamamasının səbəbini bilir. Rejimlə bağlıdır.
- Rəşad Sadıqov bildirdi ki, bu dönəmdə "Qəbələ" ilə qarşılaşmaq istəməzdim. Bəs siz necə düşünürsüz? Ardıcıl məğlubiyyətlərdən sonra liderlə oynamaq çətin deyildi?
- Bizim "Zirə" ilə bütün oyunlarımız dinamik keçir. Hər iki komanda mübarizə baxımından bir-birinə layiqdir. Azarkeşlər sürətli oyun izlədilər.
- Ardıcıl məğlubiyyətlərdən sonra rəhbərliklə görüşünüz olmuşdu?
- Rəhbərliklə hər gün görüşürəm, məşqlərimizdə iştirak edirlər. Mediada yazılanlar məni təəccübləndirmir. Dörd oyun uduzmağımıza baxmayaraq, rəhbərliyin dəstəyini hiss etmişəm. Əgər görsəm ki, bacarmıram, özüm gedəcəm. İstefa haqda düşünməmişəm. Mənə inanıb ora təyin edən adam olub. Rəhbərliyimiz var. Mən ona inanıram, o da mənə.
- Transfer edəcəyiniz oyunçunun adı bəllidir?
- Ad olaraq deyə bilmərəm. İki aydır maraqlandığımız futbolçular var ki, son anda transferi alınmayıb. Ümid edirəm ki, milli fasilə zamanı istədiyim oyunçunu tapacağıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi