Misli Premyer Liqasının V turu itkisiz və xalsız komandaların dueli ilə əlamətdar olub.
Sportal.az xəbər verir ki, ilk dörd oyunda qələbə qazanan “Zirə” eyni sayda məğlubiyyət alan “Qəbələ”nin qonağı olub. Bir qolun həlledici olduğu görüşdə meydan sahibləri qalib gəlib. Bununla da hər iki komandanın startdakı seriyası qırılıb.
Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının 31 illik tarixində 3-cü belə oyun olub. Əvvəlki illərdə yalnız iki dəfə startda 4 qələbə və 4 məğlubiyyəti olan komandalar beşinci matçında bir-biri ilə üz-üzə gəlib.
1994/95 mövsümündə “Neftçi” Sumqayıt “Xəzər”inin qonağı olub. Səfərdə 10:0 hesablı qələbə qazanan bakılılar 5-ci qələbəni qazanmaqla rəqibini 5-ci məğlubiyyətlə barışdırıb.
9 il sonra isə “Şəmkir”lə “Lokomotiv” eyni seriyalarla bir-biri ilə üz-üzə gəlib. Öz meydanında 5:1 hesablı qələbə qazanan qərblilər seriyasını 5-ə çatdırıb. Qonaqlar isə startda 5-ci dəfə uduzub.
İlk dörd matçı itkisiz və xalsız keçən komandaların əvvəlki iki duelində liderlər qalib gəlmişdisə, Qəbələdəki qarşılaşmada bu ənənə qırılıb.
saytlarin hazirlanmasi