"Qarabağ"ın keçmiş forvardı Rauf Əliyev Sportal.az saytına müsahibə verib.
- "Qarabağ" "Olimpiya" ilə Bakıdakı matçda 1:1 oynayaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Amma oyunun gərgin keçdiyini söyləmək olar. Səncə, niyə belə alındı?
- Gərginlik ondan irəli gəlirdi ki, böyük oyun idi. “Qarabağ” səfərdə qalib gəlmişdi. Qrup mərhələsinə düşmək üçün son 90 dəqiqə idi. Hansısa səhv də bağışlanmayacaqdı. Gərginlik bununla əlaqədar ola bilərdi. Düzdü, mən o qədər də gərginlik görmədim. “Olimpiya”nın var gücü ilə oynayacağı, bütün kartlarını açacağı məlum idi. Çünki ilk oyunda uduzmuşdular və hər riski gözə alacaqdı. Bu mənada, “Qarabağ”ın ikinci oyununun daha çətin olacağı da başadüşülən idi. Əsas odur ki, sonda nəticə “Qarabağ” üçün yaxşı oldu və ardıcıl 10-cu dəfə qrup mərhələsində iştirak edəcək. Bu da Azərbaycan futbolu üçün tarixi nəticədir.
- "Qarabağ" artıq ardıcıl 10-cu dəfədir ki, avrokuboklarda qrup mərhələsində oynayır. Səncə, onlar bunu necə bacardılar?
- Bunun başlıca səbəbi, işin düzgün getməsidir. Hamı bilir ki, “Qarabağ”da Qurban Qurbanovun qurduğu, yaratdığı sistem var və hamı da buna riayət edir. Oyunçular dəyişsə də, sistem dəyişmir, komanda nəticəyə gedə bilir, hər zaman da xalqımızı bu cür uğurlu nəticələrlə sevindirir.
- Vaxtı ilə sənin də oynadığın dövrdə "Qarabağ" avrokuboklarda uğurlu çıxış etməyə başlamışdı. Amma hər dəfə pley-off mərhələsində dayanırdı, qruplara qala bilmirdi. Səncə, həmin vaxtı niyə qrupa düşə bilmirdiz?
- Mənim oynadığım dövrdən bu yana “Qarabağ” çox dəyişdi. Komandaya daha güclü oyunçular cəlb edildi. Hər işin başlanğıcında təcrübə önəmlidir, yavaş-yavaş təcrübə toplayırsan. Komandada cavan oyunçular az deyildi, özümüzün də təcrübəsi çox deyildi. Bəzi oyunçuların təcrübəsi çoxaldı və komandaya daha da yaxşı futbolçular cəlb olundu. Belədə, “Qarabağ” pley-off mərhələlərində qələbələr qazanaraq, qruplarda oynamağa başladı.
- "Qarabağ"ın hansı mövqeyi güclənməlidir?
- Qurban Qurbanovun açıqlamaları da bu yöndədir, transfer etmək istəyirlər. Çempionatlar başlayıb, bu vaxtlarda yaxşı oyunçu tapmaq çətindir. Yaxşı futbolçu bizim çempionata gəlməyə bilər. Böyük səbəblər var da, ona görə də, tam istədikləri oyunçunu tapmaya da bilərlər. Hansı mövqedə çətinlik çəkdiklərini özləri daha yaxşı görürlər.
- "Qarabağ"ın hazırda üç qapıçısı var - Andrey Lunyov, Luka Quqeşaşvili, Şahruddin Məhəmmədəliyev. Onlardan hansı oynamalıdır?
- "Qarabağ"da qapı mövqeyində güclü rəqabət var. Bəlkə də, məşqçilərin istədiyi bu idi. Heç kim fikirləşməzdi ki, Luke Quqeşaşvili “Olimpiya” ilə matçlarda şans qazanar. Amma ona güvəndilər. Güclü rəqabət olacaq. Andrey Lunyov da yaxşı forma yığandan sonra qapıda dayana bilər.
- Hücum üçün gətirilən Juninyo isə hələ ki, özünü tam doğrultmur....
- Juninyo yaxşı, potensiallı oyunçuya oxşayır. Sadəcə yeni komandadır, yeni ölkədir, adaptasiya dövrünü keçir. Yaxşı sürəti var. 1-2 aydan sonrasını bilmək olmaz. "Qarabağ"da bu vəziyyətdə olub, altı aydan sonra böyük işlər görən futbolçuları xatırlayırıq. Elə Reynaldo, Kadini yada salmaq kifayətdir. Bəlkə də, Juninyo da bu cür oyunçulardandır.
- "Qarabağ" Avropa Liqasının H qrupunda "Bayer", "Molde" və "Hekken"lə eyni qrupda mübarizə aparacaq. Necə düşünürsən, "Qarabağ" bu qrupda hansı nəticəyə imza ata bilər
- "Bayer" Almaniyanın ən tanınmış klublarındandır, güclü komandadır, həmişə nəticələri ilə ön planda olub, qrupumuzun da favoritidir. “Molde”ni “Qalatasaray”la oyunlarda gördüm, çox yaxşı komandadır, bəlli oyun stili var. "Qalatasaray"a əsl başağrısı oldular. İnamlı təsir bağışladılar. “Hekken” haqda çox məlumatım yoxdur, İsveçin son çempionudur. Hər halda, bu fakt onların gücündən bəhs etməyə bəsdir. Çətin qrupdur. Amma “Qarabağ”a inanırıq. Allah qoysa, uğurlu nəticələr olacaq, qrupdan çıxar.
Mirbağırağa
saytlarin hazirlanmasi