"Neftçi" çempionluğa iddialıdır, onlara qarşı oyun çox çətin olacaq"

11:18 - 5 Sentyabr 2023

"Araz-Naxçıvan"ın futbolçusu Abdulla Rzayev klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, müdafiəçi "Kəpəz" üzərində qazanılan qələbəni şərh edib:

"Bilirdik ki, Gəncə ən çətin səfərlərimizdən biri olacaq. Özüm də ötən il “Kəpəz”in formasını geyinmişəm. Bu komanda üçün doğma meydan amili hansı əhəmiyyət daşıdığını yaxşı bilirdim. Üstəlik, yerli azarkeşlər tərəfindən də komandaya yaxşı dəstək verilir. Oyuna hazırlıqlı başlamışdıq, motivasiyamız da yaxşı idi. Meydan sahibi komandanın təzyiqinə baxmayaraq, yaradacağımız imkanlardan maksimum istifadə etmək istəyirdik. Çox şükür, bunu bacardıq. Futbolda əsas nəticədir. Əlbəttə, baxımlı futbol nümayiş etdirmək yaxşıdır, amma bunu nəticəyə çevirə bilmirsənsə, komandana ancaq ziyan vurursan. “Kəpəz”lə matçda isə nəticə əsas idi. Matçdan əvvəl hər iki komanda eyni sayda xala malik idi. Bir növ 6 xallıq matç idi".

Bölgə klubunun futbolçusu U-21 yığmasına dəvət olunmasından danışıb: "Komanda olaraq yay fasiləsi zamanı gec yığışdıq, təlim-məşq toplanışı keçirmədik. Komanda üzvləri indi-indi bir-birini başa düşməyə, meydanda anlamağa başlayıb. Düzdür, fasilə zamanı “Araz-Naxçıvan”ın düşərgəsində olmayacam. U-21-in Serbiya ilə keçirəcəyi oyunun hazırlığına dəvət olunmuşam. Bir futbolçu üçün milliyə dəvət almaq, onun uğurları üçün çalışmaq hər zaman fəxr olub. Geri döndükdən sonra yenə baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacam".

Sonda isə futbolçu ölkə çempionatının 6-cı turunda oynayacaqları "Neftçi" görüşü ilə bağlı fikirlərini bildirib: "Oyun çox çətin olacaq. “Neftçi” çempionluğa iddialıdır, yeni heyət yığıblar, məşqçilər korpusu dəyişib. Amma “Araz-Naxçıvan” arxada qalan 5 turda qazandığı müsbət imici və nəticələri bu görüşdə də təkrarlamaq üçün mübarizə aparacaq".

Xəbər xətti