"Qəbələ"nin müdafiəçisi, Misli Premyer Liqasının 5-ci turunun “Zirə” ilə görüşündə komandasına qələbə qazandıran qolu vuran Rauf Hüseynli Sportal.az saytına müsahibə verib.
- "Qəbələ" bu mövsümə uğursuz başlamışdı. Səncə, bu nə ilə əlaqədar idi?
- Doğrudur, mövsümə uğursuz başlamışdıq. Çünki komandamız yeni formalaşırdı. Keçən ilki heyətin çox futbolçusu başqa komandalara keçib. Yavaş-yavaş hər şey daha yaxşı olacaq. Biz komandamıza çox inanırıq.
- Bu mövsüm yalnız 5-ci turda qələbə qazanmağı bacardınız. "Zirə" ilə görüşdə qazanılan qələbəni necə şərh edərdin?
- İki komanda da çox istəkli idi. Yaxşı mübarizəli oyun getdi. Şükürlər olsun ki, axırda qələbə qazanan tərəf biz olduq. Amma asan oyun deyildi. Həm biz, həm də rəqib sona qədər mübarizə apardı.
- Özü də, "Zirə" çempionatın lideridir. Necə oldu ki, bu komandaya qalib gəlməyi bacardınız? "Qəbələ" istədiyi oyununu nümayiş etdirə bildi?
- Bu mövsüm çempionat maraqlı keçir. Hər komanda digərinə qalib gələ bilər. Başqa oyunlara baxanda, bu görüşdə daha dinamik idik. Oyundan-oyuna inkişaf etməyə çalışacağıq.
- "Qəbələ"nin “uğursuzluq zolağı”ndan çıxdığını demək olar?
- Hələ bu haqda nəsə demək üçün tezdir. Ancaq bu qələbə bizim üçün yaxşı motivasiya olduğunu düşünürəm. Allah qoysa, qarşıdakı oyunlarda əlimizdən gələni edib, maksimum nəticə qazanmağa çalışacağıq. Hər halda, mövsümdəki ilk qələbəmiz idi, davamını gətirmək istəyirik.
- Bu dönəmdə milli komandaların oyunlarına görə fasilə yaranması "Qəbələ" üçün üstünlükdür, yoxsa relsə düşmüşkən, yaxşı olmadı deyə, düşünürsən?
- Həm müsbət, həm də mənfi cəhətləri var. Müsbət tərəfi odur ki, öz üzərimizdə işləməyə az da olsa, vaxtımız yaranacaq. Bundan maksimum istifadə etməyə çalışacağıq.
- Ümumiyyətlə, "Qəbələ"nin bu mövsüm əsas məqsədi nədən ibarətdir? Səncə, "Qəbələ" ən azından avrokuboklar uğrunda mübarizə apara biləcək?
- Əsas məqsəd öz oyunumuzu inkişaf etdirib, yaxşı kollektiv formalaşdıraraq hər oyunda maksimum nəticə qazanmaqdı. Bunları bacarsaq, avrokuboklar uğrunda mübarizə apara bilərik.
Mirbağırağa