"Zəngəzur"un baş məşqçisi: "Komandamızın və ölkəmizin adını layiqincə təmsil etmək istəyirik" - MÜSAHİBƏ

11:53 - 11 Sentyabr 2023

"Zirə" və "Birbaşa" klublarından sonra Azərbaycanın daha bir təmsilçisi avrokuboklarda iştirak start verəcək. Belə ki, ötən mövsüm Azərbaycanın minifutbol çempionatında üçüncü yeri tutan "Zəngəzur" avrokuboklarda ölkəmizi təmsil edəcək. Sabah təmsilçimiz Bollqarıstanın Burqas şəhərinə yola düşəcək. Komandanın baş məşqçisi Əjdər Əjdərov turnirdən əvvəl Sportal.az saytına müsahibə verib və "Zəngəzur"un hazırlıq durumundan, iddialarından danışıb.

- Komandanın hazırlığı necə gedir? Turnirdən öncə sizi narahat edən hansısa məqamlar var? "Qalaktiko Vratsa" (Bolqarıstan), TMT (Yunanıstan) və "Veşka Olomuts" (Çexiya) haqda məlumatlısız? 

- Komandanın hazırlığı yaxşı gedir. Doğrudur, vaxtımız az oldu, tam da istədiyimiz kimi hazırlaşa bilməmişik. Lakin vaxtımız az olsa da, məşqlərə tam heyətlə qoşulduq, hazırlaşdıq. Nəticə əldə etmək üçün sona qədər vuruşacağıq. Turnirlə bağlı narahat edən məqam odur ki, komandaları tanımırıq. Onların heç birini analiz edə bilməmişəm. Bundan çox narahatam. Amma inanıram ki, bunun da öhdəsindən orada qısa müddətdə gələcəyik. Rəqibləri görəcəyik. Bizim yaxşı komandamız var. 

- Azərbaycan milli komandasının sabiq üzvü Əfran İsmayılovu heyətə cəlb etmisiz. Heyətlə bağlı daha sonra hansı yeniliklər var?

- Bəli, Əfran İsmayılov bizimlədi. Ona komanda rəhbərliyi və öz adımdan adından təşəkkür edirəm. Təklif göndərən kimi, fikirləşmədən bunu dəyərləndirdi və öz köməyini əsirgəməyəcəyini söylədi. İndi də bizimlədir. Komandamızın digər oyunçuları da Azərbaycan futbolunda öz sözünü demiş oyunçulardır. Hamısı böyük futbol oynayanlardır. Yaxşı kollektiv yarada bilmişik.

- Maraqlıdır, həmin futbolçular sırf avrokubok üçün heyətə cəlb edilib, yoxsa çempionatda yeni mövsümdə sizinlə qalacaqlar? 

- Düzü, hələ ki, bu mövzuda rəhbərliklə görüşümüz olmayıb. Çünki indi bütün fikrimiz avrokuboklara yönəlib. Bolqarıstanda ölkəmizi ən yaxşı şəkildə təmsil etməyi düşünürük. Komandanın adını, ölkəmizi layiqincə təmsil etmək niyyətindəyik. Formasını geyindiyimiz komandanın adının məsuliyyətini bilirik. Hansı komandanı, hansı ölkəni təmsil etdiyimizi yaxşı dərk edirik. Bolqarıstandakı yarışda uğurlu çıxış etmək istəyirik. Avrokuboklardan sonra komanadada kimlərin qalıb-qalmayacağı bilinəcək. 

- Rəhbərliyin avrokuboklar üçün komandanın qarşısına qoyduğu hədəf, məqsəd nədir?

- Bayaq dediyim kimi, yolumuz bəllidir, hansı komandanın adını təmsil etdiyimizi yaxşı dərk edirik. Məqsədlərimiz də bəllidir. Zəngəzur adını və Azərbaycanı orada təmsil edəcəyik. Hamımız məsuliyyətləyik. Turnirdə hər ölkənin üçüncü pilləsini tutmuş komandalar gələcək. Orada da güclü rəqiblər olacaq. Sadəcə əsas narahat edən məqam rəqibləri analiz edə bilməməyimizdir. Yoxsa, rəhbərliyimizə təşəkkür edirəm. Şahin Məmmədov komandanın avrokuboklarda ölkəmizi layiqincə təmsil etməsi üçün hər cür şərait yaratdı. Bizə də etimad göstərilib, məsuliyyətli şəkildə işimizi yerinə yetiririk. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

Qeyd edək ki, "Zəngəzur" UEFA Avropa Kubokunun A qrupunda "Qalaktiko Vratsa" (Bolqarıstan), TMT (Yunanıstan) və "Veşka Olomuts" (Çexiya) ilə üz-üzə gələcək.

 

Xəbər xətti