"Qarabağ"ın legioneri: "Bayer"in bizimlə eyni qrupa düşməsinə sevindim"

11:32 - 12 Sentyabr 2023

"Düşünürəm ki, artıq adaptasiya prossesi başa çatıb. İlk günlər isti hava şəraitinə görə, bir qədər çətinliklərim oldu. Amma indi hər şey qaydasındadır. "Qarabağ" yaxşı komandadır, stabil olaraq avrokuboklarda çıxış edir. "Qarabağ"da oynamaq üçün böyük stimul var. Məşqçinin qarşıma qoyduğu planları yerinə yetirmək, komandaya xeyir vermək üçün buradayam. Bir tərəfdən sevinirəm ki, artıq oynayıram. Çünki zədə səbəbindən çoxdandır ki, oynamırdım. Amma bütün bunlarla əlaqədar, neqativ hallar da var. Debüt oyunumda heç-heçə etdik, son dəqiqələrdə qol buraxdıq. Səhvlərimiz oldu. Onları məşqlərdə yavaş-yavaş aradan qaldıracağıq".

Sportal.az xəbər verir ki, bu sözləri "CBC Sport"a açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib.

Rusiyalı Ağdam klubunun Avropa Liqasındakı şanslarını dəyərləndirməklə yanaşı, sabiq komandası olan "Bayer" haqda da danışıb:

"Bayer"in bizimlə eyni qrupa düşməsinə sevindim. Yenidən onlarla görüşəcəm, onlara qarşı oynayacam. Almaniyanın top komandalarındandır, asan olmayacaq. Amma maraqlı oyun olacağını gözləyirəm. Həm azarkeşlər, həm də komanda üçün böyük təcrübə olacaq. İlk növbədə öz oyunumuza diqqət etməliyik. Meydanda öz xarakterimizi və ən yaxşı keyfiyyətlərimizi göstərməliyik. Yəqin ki, oyuna az qalmış baş məşqçi öz taktikasını bizə bildirəcək. "Bayer"in necə komanda olduğunu nəticələrdən görmək mümkündür. Hazırda Bundesliqanın liderlərindən biridir, ötən mövsüm Avropa Liqasının finalına çıxmağa yaxın idilər. Öz gücümüzü bu səviyyədə yoxlamaq böyük təcrübədir, nəyə qadir olduğumuzu göstərməli və oyundan zövq almalıyıq. Şanslarımız var, futboldur, peşəkarlıq göstərmək lazımdır. Hansı komandaya qarşı oynamağınızın fərqi yoxdur. Futbolu 11 nəfər 11 nəfərə qarşı oynayır. Həmin an kim güclü olsa, qalib gələcək. Qrupdakı dörd komandanın da şansı var".

Xəbər xətti