Azərbaycan milli komandasının sabiq üzvü Elvin Məmmədov Sportal.az saytına müsahibə verib. Aktiv futbolçu karyerasını yeni bitirən Məmmədov milli komandamızın hazırkı durumunu dəyərləndirib.
- Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə görüşdə uduzdu. Həmin qarşılaşmada yığmamızın çıxışını necə dəyərləndirirsən?
- Belçika ilə matçda millimiz çox yaxşı mübarizə apardı. Həqiqətən mübarizə alqışalayiq idi. Ancaq nəticə oyuna görə olmadı. Çünki millimiz göstərdiyi oyunla ən azından bir xal götürməliydi. Matç bərabərliklə başa çatsaydı, təəccübllü sayılmamalıydı. Axı millimiz Belçikaya qarşı çox yaxşı oynadı.
- Bəs, milli komandamızın Belçikaya məğlubiyyətini nə ilə əlaqələndirirsən?
- Milli komandamızın uduzmasına səbəb ustalıq səviyyəsi idi. Ancaq layiqincə mübarizə apardılar. Kollektiv şəkildə oynadılar. Milli meydanda çox yaxşı görünürdü. Sadəcə ustalıq səviyyəsi öz sözünü dedi. Hər halda, Belçika millisinin üzvləri güclü, sayılıb-seçilən klublarda oynayır, yığma kimi də çox güclüdürlər. Bunlar həlledici oldu.
- Azərbaycan millisi artıq qrupda keçirdiyi dördüncü matçında üçüncü dəfə uduzmuşdu oldu. Avstriya, İsveç və Belçika ilə matçlar məğlubiyyətlə başa çatdı. Qarşıdakı dörd rəsmi oyunda nəyəsə ümid etməyə dəyər, yoxsa dəyişən heç nə olmayacaq?
- Təbii ki, millimizin nəticələri ürəkaçan deyil. Doğrudur, burada rəqib amili də var, güclü komandalardır. Ancaq millimiz Belçika ilə matçdakı kimi mübarizəyə davam etsə, nəticə qazanmaq olar. Lakin istənilən halda, çətin alınacaq. Allah millimizin köməyi olsun. Milli komandaya yalnız uğurlar arzulaya bilərəm. Təbii ki, qarşıdakı matçlar üçün də dəyişən heç nə olmayacaq. Biz və azarkeşlər çox şey istəyirik. Azarkeşlər ən çox da Canni De Byazinin getməsini istəyirlər.
- Maraqlıdır, milli komandanın heyətində bəlkə də indiyə qədər bu qədər legioner həyatı yaşayan futbolçular olmayıb. Bəs indi nəticə qazanmağa nə mane olur yığmamıza?
- Milli komandamızın heyətində çox yaxşı futbolçular var. Bu kollektivlə nəsə etmək olar. Məncə, burada düşünüləsi amil sırf baş məşqçinin verdiyi qərarlardır. Bütün nəticəyə də baş məşqçi cavabdehdirsə, bunları da ondan soruşmaq lazımdır.
- Milli komandaya yerli mütəxəssisin təyin olunmasını istəyənlər az deyil. Səncə, yerli baş məşqçi ilə uğur qazanmaq mümkündür?
- Mən də istəyərdim ki, milli komandamıza yerli baş məşqçi təyin olunsun. Amma onu da araşdırıb, ən yaxşısını gətirmək lazımdır. Əgər yerli istəməsələr, dəfələrlə demişəm, gənc, istəkli, bizim futbola yaxın mütəxəssis də gətirmək mümkündür. Legioner də gəlsə, ən azından Qafqaz futboluna yaxın, gənc, istəkli olsun. Üstəlik, hədəfləri olmalıdır.
- 2011-ci ildə milli Belçikadan Bakıda xal almışdı. Sən də həmin oyunda oynamışdın. Həmin görüşlə üç gün əvvəlki oyun arasında hansı fərq var idi?
- Bəli, Bakıda Belçikadan xal almışdıq. Onlar o vaxtı çox yaxşı komanda idi. İndi də yaxşıdırlar. O dövrlə indikini müqayisə etmək istəmirəm. Belçika bu dəqiqə də dünyanın 10 ən yaxşı komandası arasındadır. Sadəcə həmin oyunda çox yaxşı mübarizə apardıq. Üç gün əvvəl də millimiz yaxşı oynadı, sadəcə bəxtsizlik yaşandı. Biz də qol vura bilərdik, xal qaznamağa yaxın idik. Həmin dövr də yaxşı idi, indi də. Sadəcə nəticə o nəticə deyil.
Mirbağırağa
saytlarin hazirlanmasi