Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

20:28 - 12 Sentyabr 2023

Bu gün Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında 16-24 sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında iştirak edəcək milli komandaların heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, federasiyasının rəhbər şəxsləri və yığma komandaların məşqçiləri bütün güləşçilərimizə uğurlar arzulamaqla yanaşı, vətənə yüksək nəticələrlə qayıdacaqlarını inandıqlarını bildiriblər.

Yarışın ilk günlərində sərbəst güləşçilər çıxış edəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Zəlimxan Hüseynov, Şərif Şərifov və Taymuraz Kokoyevin rəhbəriyi altında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) qüvvəsini sınayacaq.

Daha sonra qadın güləşçilər mübarizəyə qoşulacaq. Baş məşqçi Semyon Şterev, böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin tapşırıqlarını Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq) və Birgül Soltanova (65 kq) yerinə yetirməyə çalışacaq.

Yunan-Roma güləşində yer alanlar mundialın son günlərində xalçaya çıxacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Beka Kandelaki (130 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, l-S kateqoriyalı hakimlərimizdən Asif Şirəliyev və Sədi Quliyev DÇ-də ədaləti qoruyacaq.

Xəbər xətti