Azərbaycan yığmasının üzvü: "İngiltərə daha güclüdür, amma onlardan da çəkinmirik" - MÜSAHİBƏ

16:21 - 15 Sentyabr 2023

Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının üzvü Camal Cəfərov Sportal.az saytına müsahibə verib. O, AVRO-2025-in seçmə mərhələsi çərçivəsində Belqradda Serbiyaya 0:2 hesablı məğlubiyyəti şərh edib.

- Serbiya ilə matçda yığmanın məğlubiyyəti necə şərh edəcəksən?
- Məncə, bizdə oyun praktikası çatışmadı. Serbiya yığmasındakı futbolçuların hamısı Premyer Liqada oynayır. Bizdə isə bu səviyyədə oynayan oyunçular azdır.

- Demək olar ki, Serbiyanın qapısı istiqamətinə zərbə də endirə bilmədiniz. Bunu etməyinizə nə mane oldu?

- Serbiya yığmasının səviyyəsi çox yaxşı idi. Ancaq biz də öz səviyyəmizi, keyfiyyətimizi yaxşı tərəfdən göstərə bilmədik. Təəssüf ki, belə alındı.

- Ümumiyyətlə, Azərbaycan yığmasının qrupdakı əsas məqsədi nədən ibarətdir? Belqraddakı uğursuz oyundan sonra qrupdan çıxmağınız real ola bilər?

- Yığmamızın qarşısına qoyulan məqsəd növbəti mərhələyə adlamaqdır. Oyunlar hələ ki, yeni başlayıb. Yuxarı pillələrə qalxmaq mümkündür. Qarşıdakı matçlarda qələbə qazana bilərik. Sadəcə yaxşı köklənmək və məşqçilər korpusunun tapşırıqlarını düzgün yerinə yetirmək lazımdır. 

- Amma qrupda İngiltərə, Lüksemburq, Ukrayna, Şimali İrlandiya da yığmaları yer alıb. Rəqiblər barədə hansı fikirdəsən?

- Əvvəl də dediyim kimi, yığmanın qrupdakı istənilən oyununa maksimum köklənmək lazımdır. Hətta rəqib autsayder olsa da, qiymətləndirməmək olmaz. İngiltərə daha güclüdür, amma onlardan da çəkinmirik. Qrupun isə çox çətin olduğunu düşünmürəm. Biz bəxtə yox, gözəl oyunumuza və uğurlu nəticələrə ümid edirik.

- Bizim yığmada isə çox oyunçu Premyer Liqada, əsas liqalarda oynamır. Bu, yığmanın uğurlu çıxışına mənfi təsir göstərir?

- Məncə, hətta əsas liqada oynamayan futbolçu da, özünü yığmada yaxşı tərəfdən göstərə bilər. Doğrudur, əsas liqada oyun praktikasının olması daha yaxşıdır. Baş məşqçi hər bir oyun üçün heyəti yığır və meydana daha hazır oyunçular çıxır. Bu mənada, dediyiniz məsələdə hansısa mənfi hal, nəticəyə təsir edən bir şey görmürəm. 

- Növbəti matç gələn ay Şimali İrlandiyaya qarşıdır. Səncə, onları evdə məğlub edə biləcəksiz?

- Bəli, Şimali İrlandiyanı məğlub etməliyik. Çünki doğma divarlar arasında oynayacağıq və azarkeşlərin dəstəyi bizə əlavə güc verəcək. Bacardığımız və hətta ondan da artığını meydanda göstərməliyik. Cəsarətli və hücum futbolu oynamalıyıq.

Mirbağırağa

Xəbər xətti