"Neftçi"nin fanatları polislərin yığışdırdığı pankartda "Qarabağ"ın ünvanına nə yazıbmış?

23:19 - 9 Oktyabr 2023

Premyer Liqanın 9-cu turunun mərkəzi qarşılaşması “Neftçi”ylə “Qarabağ” arasında baş tutdu.

Əzəli və əbədi rəqiblərin duelində ağdamlılar “ağ-qaralar” üzərində inamlı qələbəyə sevindi – 2:0.

Meydan sahiblərinin əsas azarkeş qrupu olan “Forza Neftçi”nin üzvlərini məyus edən isə təkcə sevimli komandalarının uduzması deyildi.

“Forzalılar” oyunun ilk dəqiqələrində yer aldıqları tribunada banner açmaq istəmiş, polislər buna imkan verməmişdi. Fanatlar isə buna etiraz olaraq həmin yeri tərk etmişdi.

Bannerdə nə yazılması hər kəsin marağına səbəb olmuşdu. Təbii, təhqir və siyasi çalar olan şüarların ictimai yerlərdə açılması qadağan və yolverilməzdir.

Maraqlanarkən məlum oldu ki, “Forza Neftçi”nin məqsədi “Qarabağ”a “ilişmək” olub.

Pankartda “Əziz bakılılar və şəhərimizin qonaqları...” sözləri yazılıb ki, “qonaqları” sözü xüsusi rənglə işarələnib.

Bakılılar bu atmaca ilə “Qarabağ”ın Ağdamı təmsil etdiyini, lakin məlum səbəbdən Bakıda məskunlaşdığına işarə vururaq, onları qonaq kimi qələmə verib.

Asayiş keşikçiləri bu cür atmacanın yersiz olduğunu əsas gətirərək fanatlara pankart açmağa icazə verməyib.

Sportinfo.az

Xəbər xətti