"Qarabağ" bu çempionatda tam fərqli futbol oynayır" - MÜSAHİBƏ

14:51 - 19 Oktyabr 2023

Misli Premyer Liqasının X turunda “Araz-Naxçıvan” “Qəbələ”nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, atçın hazırlığını davam etdirən Naxçıvan təmsilçisi Sabah Qəbələyə yola düşəcək. Komandadakı vəziyyətlə bağlı Elviş Maşike klubun rəsmi saytına müsahibə verib.

- İki gün sonra “Qəbələ” ilə qarşılaşacağıq. Oyuna hazırlıqla bağlı nə deyə bilərsən?

- Çətin oyun olacaq. “Qəbələ”nin turnir cədvəlindəki mövqeyi heç kimi yanıltmasın. Razıyam, onlar cari mövsümdə çox xal itiriblər. Amma ötən mövsüm əla çıxış etmişdilər. Həm Azərbaycan kubokunu qazanmışdılar, həm də Premyer Liqada 4-cü pilləni tutmuşdular. Bu nəticəni qazanan komanda zəif ola bilməz. Üstəlik, oyun onların meydanında keçiriləcək.

- Komandada vəziyyət necədir?  

- “Sabah”a qarşı çox yaxşı oynadıq. Hətta qələbə qazana bilərdik. Bu da bizə əlavə motivasiya verir. Hər iki komanda qələbə qazanmaq üçün meydana çıxacaq. Baş məşqçimiz necə oynayacağımızı oyuna bir gün qalmış deyəcək. O, bizdən yaxşı göstərici tələb edir. Hər dəfə meydana çıxanda qələbə üçün mübarizə aparmağımızı istəyir.

- Birinci dövrədəki nəticələri pozitiv qiymətləndirmək olarmı?

- Bir qədər əvvələ baxaq. Komanda Birinci Liqadan yeni gəlmişdi, heyətdə demək olar, çox az sayda futbolçu var idi. Mövsümün startına az vaxt qalmış futbolçular dəvət olundu. Yeni çempionat, fərqli ölkə və mentalitet…Əlbəttə, uyğunlaşmaq üçün vaxt lazım idi. Heç komanda olaraq toplanış da keçirmədik. Ancaq baş məşqçimiz bizi yaxşı nəticə qazanacağımıza inandırdı. Nəticələri pozitiv hesab edirəm.

- Hansı oyunda qeydə alınan nəticəyə görə təəssüfləndin?

- “Səbail”lə oyundakı nəticəyə görə üzüldüm. Biz rəqibdən daha yaxşı oynadıq, real qol şansımız da onlardan çox oldu. Təəssüf ki, sona yaxın təyin olunan penalti əziyyətimizi nəticəsiz qoydu. Ancaq bu cür oyunlar da olmalıdır ki, motivasiyadan düşməyəsən. Demək olar, hər oyunda bizim fərqlənmək üçün daha çox şansımız olur, amma hamısını qola çevirə bilmirik.

- Yeri gəlmişkən, 9 oyuna bir qol vurmusan. Az fərqlənməyin nə ilə bağlıdır?

- Komanda yoldaşlarıma inanıram, bilirəm ki, qol vurmağım üçün mənə hər cür şərait yaradacaqlar. Bu baxımdan heç bir narahatlığım yoxdur. Əsas problemim adaptasiya ilə bağlı idi. Fərqli ölkə, yeni liqa, komanda, heç vaxt bir yerdə oynamadığım futbolçular və s. Baş məşqçinin istəyi də fərqlidir. Azər Bağırova təşəkkür edirəm, hər zaman mənə inandığını deyir, qətiyyətli olmağımı tapşırır, şans verir. Əgər komandama, baş məşqçimə lazımamsa, deməli, xoşbəxt adamam. Mən də əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Problemlərim arxada qalıb, indi tam hazıram.

- Premyer Liqada hansı komandanın oyununu bəyənirsən?

- Ancaq “Qarabağ”ı fərqləndirərdim. Bu komanda daha keyfiyyətli futbolçulardan qurulub və yaxşı oynayır. Yeni gələndə hər kəs “Sabah”ın, “Neftçi”nin də adını çəkirdi. Amma mənim seçimim belədir: “Qarabağ” bu çempionatda tam fərqli futbol oynayır. 

Xəbər xətti