"Kəpəz"in baş məşqçisi Adil Şükürov Sportal.az saytına müsahibə verib.
- Artıq bir həftədən çoxdur ki, komandaya rəhbərlik edirsiz. Milli komandalara görə çempionata fasilə verilmişdi. Bu sizin üçün düşərli oldu?
- Noyabrın 13-dən məşqlərə başlamışıq. Bu müdət ərzində komanda ilə söhbətlərimiz olub. Ayrı - ayrılıqda bəzi futbolçularla da danışdıq. Hətta əvəzedici heyətdən gəncləri komandaya dəvət etdik. Onların da durumu ilə tanış ola bildik. Ümumilikdə, çox çalışmalıyıq və birlikdə inkişaf etməliyik .
- Qısa müddətdə təbii ki, böyük ölçüdə nəyisə dəyişmək çətin olur. Amma necə ehtimal edirsiz, hansı müddətdə istədiyiniz oyun sistemini aşılaya biləcəksiz komandaya?
- Qeyd etdiyiniz kimi, müddət bildirmək çətindir. Yalnız əvvəl də dediyim kimi, çox işləməli və futbolçulara oyun ərzində istədiklərimizi ən qısa yolla izah edərək, onların icrasına nail olmağa çalışmalıyıq.
- “Kəpəz”in heyəti necə, nə dərəcəsə uğurlu çıxış etməyə imkan yaradır? Qışda transferləriniz olacaq yəqin ki?
- İlk növbədə futbolçularımızın icra edə biləcəyi işləri inkişaf etdirməyə çalışacağıq ki, sonra daha yeni və çətin problemləri həll yollarını aşılayacağıq. Burada vacib məsələ ixtiyarımızdakı futbolçularla nail ola biləcəyimiz daha yaxşı yerlərə qalxa bilək. Daha sonra transferlər barədə fikirləşmək olar. Bu gün ilk növbədə klubda olan futbolçuların bacara biləcəklərini müəyyənləşdirməliyik.
- İbrahima Karqbonun oğlunun “Kəpəz”ə keçidinin baş tutacağı gözlənilsə də, deyəsən alınmadı. Bu nə ilə əlaqədardır?
- Bu futbolçunu mən “Bakı” futbol akademiyasında çalışan müddətdə görmüşdüm. O vaxt onun 13 yaşı var idi. İllər sonra yenidən onu görmək mənə də çox xoş oldu. Yalnız bu gün əlimizdə olan futbolçular kluba daha çox fayda verə bilərlər.
- Uzun müddət idi ki, baş məşqçi kimi çalışmırdız, amma futbolun içindəydiniz, kənardan izləyirdiz. “Kəpəz”i hazırkı vəziyyətdən çıxarmaq mümkün olacaq?
- Bu həyatda mümkünsüz heç nə yoxdu. Hər bir işin əvvəlində görəcəyin işə inanmaq və daim inkişaf etmək istəyi durur. Zaman lazımdır ki, olduğumuz yerdən irəli addım ataq. Düzdü, bizim zamanımız azdır, amma azarkeşlərlə söhbətlərimizdə də bildirmişəm, futbolçularada hər dəfə deyirəm ki, mübarizə aparmaq lazımdır. Uzun marafonun yarısına yaxınlaşırıq və bu marafonda sonuncu olmayacağıq.
- Fasilədən sonra artıq ilk oyununuz “Səbail”ə qarşıdır. Bu komandanı incələmək üçün yəqin ki, vaxtınız oldu. Uğurlu startı Bayılda vermək mümkün olacaq?
- “Səbail” artıq Şahin müəllimin rəhbərliyi altında 13 tur oynayıb və məşqçinin istəklərini meydanda icra edə bilən komandadır. Biz isə ilk oyunumuza çıxacağıq. Təbii ki, fərq olacaq. Lakin biz əvvəldə qeyd etdiyim kimi komandamızla inkişaf etmək, mübarizə aparmaq və irəliləmək istəyirik. Mübarizə aparacağıq.
- Bildiyim qədərilə komanda diviziona düşsə belə, orada çalışıb yenidən yüksək liqaya yüksəltmək şərti ilə razılaşmısız? Yoxsa, komandanı Premyer Liqada saxlamasanız yollar ayrılacaq?
- Divizion barədə düşünmürəm. Bu fikri nə özümə, nə də komandama yaxın buraxıram. Bütün işimizi də bu yöndə aparırıq.
Mirbağırağa
saytlarin hazirlanmasi