"İngiltərə yığmasını məğlub etməyimiz realdır, bizim üçün böyük motivasiya olacaq" - MÜSAHİBƏ

22:28 - 23 Noyabr 2023

Azərbaycanın U-21 yığmasının üzvü Camal Cəfərov Sportal.az saytına müsahibə verib. O, yığmamızın AVRO-2025-in seçmə mərhələsinin Ukraynaya 0:1 hesablı məğlubiyyətini şərh edib.

- İspaniyada Ukraynaya 0:1 hesabı ilə məğlub oldunuz. Hər şey istədiyiniz kimi keçdi?

- Matç ümumilikdə çətin alındı. Biz müdafiədən oynayırdıq. Əks-hücumlara çıxmağa, effektiv olmağa çalışırdıq. Amma hər şey alınmadı. Ukrayna yığması çox yaxşı komandadır. Onların əksər futbolçuları öz ölkələrinin Premyer Liqa klublarının üzvləridir. Bu da öz təsirini göstərir.

- Bu oyunda xal qazanmağınız real idi?

- Məncə, biz Ukraynadan xal götürə, hətta qalib də gələ bilərdik. Əks-hücumlarda qol vurmaq istəyirdik. Lakin epizodları reallaşdıra bilmədik. Yaxşı müdafiə olunurduq. Qapımıza penalti təyin etməsəydilər, nəticənin necə bitəcəyini ehtimal etmək olmur.

- Qapımıza təyin edilmiş penalti haqda nə düşünürsən?

- Baş hakimin qapımıza təyin etdiyi penalti ilə ümumiyyətlə razı deyiləm. Həmin epizodda sadəcə mübarizə var idi. Amma qayda pozuntusu olmamışdı. Təəssüf ki, baş hakim penaıti qərarı verdi və orada mübahisə etməyin yeri yox idi.

- Ukrayna qrupun lideri idi İngiltərə yığmasına da 3:2 qalib gəlmişdi. Böyük hesabla məğlubiyyətinizi gözləyənlər az deyildi. Bu, sizin üçün təzyiq idi?

- Xeyr, qətiyyən bunun təzyiqi yox idi. Meydana çıxanda qol vuraraq, qalib gəlmək haqda düşünürdüm. Bizim yaxşı müdafiəmiz var və Ukrayna kimi komandaya bir qoldan artığını vurmağa imkan vermədik.

- Azərbaycan yığması hazırda sonuncu pillədədir. Bu pillədən çıxa biləcəksiz?

- Ümidvaram ki, qarşıdakı matçlarda xallar qazanacağıq. Burada çətin heç nə yoxdur. Məşqçilər korpusu qarşıdakı görüşlər üçün bizə düzgün tapşırıqlar verəcək və biz uğurlu çıxış edərək, turnir cədvəlində üst pillələrə qalxacağıq.

- Növbəti matçınız martda İngiltərə yığmasına qarşıdır. Yəqin ki, ona qədər yığmadakı futbolçuların Premyer Liqa matçlarında daha çox oynamasını istəyirsiniz ki, bu rəqib önünə daha hazırlıqlı çıxasız?

- Təbii ki, yığmada Premyer Liqa təcrübəsi olan futbolçuların çıxış etməsi bizə daha çox inam qazandırar. Yığmada bu cür futbolçuların maksimum olmasını istəyərdik. Belə olacağı təqdirdə, İngiltərə yığmasına qarşı həm taktiki, həm də fiziki sarıdan oynamaq daha asan olacaq.

- Qrupdan çıxmasanız da, yəqin ki, İngiltərə üzərində qazanılacaq qələbə böyük motivasiya olacaq?

- İngiltərə millisi ilə oyundakı qələbə hamımız üçün böyük motivasiya olacaq. Burada çətin bir şey yoxdur. Ukraynaya minimal hesabla məğlub olduq. Özü də, qapımıza şübhəli penalti təyin edildi. Demək ki, İngiltərə yığmasını məğlub etməyimiz də realdır. Düşünürəm ki, millinin bütün futbolçuları və məşqçilər korpusu eyni cür düşünür.

Mirbağırağa

Xəbər xətti