"Düşündüm ki, ayrılmağım "Şamaxı" üçün daha xeyirli olacaq" - MÜSAHİBƏ

12:18 - 25 Noyabr 2023

"Şamaxı"nın baş məşqçi postundan ayrılan Vüqar Əsgərli Sportal.az saytına müsahibə verib.

- "Karvan"la görüşdən sonra (2:4) istefa verərək komandadan ayrılmaq qərarı verdiniz. Ayrılığa səbəb məhz bu oyundakı məğlubiyyət idi?

- Klub olaraq gördüyümüz işin müqabilində daha çox xal toplamalı idik. Təəssüflər olsun ki, düşündüyümüz kimi alınmadı. Düşündüm ki, ayrılmağım “Şamaxı” üçün daha xeyirli olacaq. Amma istefa verməyimə təsir edən məqam konkret olaraq son oyun deyildi. Ümumi olaraq, birinci dövrənin nəticələri məni qane etmirdi. 

- İstefa verdiniz, yoxsa klub rəhbərliyi nəticələrə görə narazılıq edirdi və onlar sizinlə yolları ayrımaq istədi?

- Klub rəhbərliyi istənilən nəticədən sonra həmişə mənə dəstək olub. İstefa qərarı öz istəyimdən irəli gələn addım idi. Səbəbini də bayaq sizə dedim. Fikirləşdim ki, ən yaxşısı budur.

- Ümumiyyətlə, "Şamaxı"nın uğursuz çıxışını nə ilə əlaqələndirirsən? 

- Builki çıxışımıza böyük ölçüdə uğursuzluq deməzdim. Ancaq bir məşqçi kimi nəticələr məni qane etmədi. Məhz bu səbəbdən istefa etdim.

- Ötən mövsümün əvvəlində Premyer Liqada götürdüyünüz komandanı dünən birinci liqada tərk etdiniz. Yolunuz uzun çəkdi, yoxsa hələ görmək istədiyiniz, daha doğrusu, həyata keçirmək istədiyiniz planlar var idi ki, reallaşmadı?

- Plan yalnız bir istiqamətdə idi. O da Premyer Liqaya qayıtmaq. Bunu reallaşdırmağa çalışırdım. Ayrılıq futbolun bir hissəsidir. Buun normal qəbul edirəm. “Şamaxı”ya gələcəkdə uğurlar arzu edirəm.

- Bundan sonra məşqçilik karyeranızda pauza götürəcəksiz, yoxsa artıq təklifləriniz var?

- Xeyr, hazırda heç bir təklifim yoxdur. Qərarım ani oldu. Bir müddət ailəmə vaxt ayıracam. Sonra ümid edirəm ki, təkliflər olacaq və uyğun olanını dəyərləndirəcəm.

- Premyer Liqa və Birinci Liqa arasında müqayisəni yəqin ki, ən yaxşı müqayisə aparacaq məşqçi sizsiz. Çünki ötən mövsüm yüksək liqada idiz, bu mövsüm aşağı liqada. Əsas fərqlər nə idi? Aradakı uçurum lap çoxdur?

- Aradakı fərq daha çox infrastrukturla bağlıdır. Birinci Liqada da yaxşı futbolçular var. Sadəcə infrastruktur məsələləri fərq yaradır.

- Maraqlıdır, qadın futboluna qayıtmaq haqda düşünürsüz? Yoxsa, kişi futbolunda qalmağı qətiləşdirmisiz? Hər halda, A millidə də çalışmısız, U-19 yığmasında da...

- Hazırda hansısa təklif haqqında danışmaq tezdir. Sağlıq olsun, gələcək harada və necə olacağını göstərəcək. 

Mirbağırağa

Xəbər xətti