Azərbaycan milli komandasının veteran futbolçusu Ramin Quliyev Sportal.az saytına müsahibə verib. O, Canni De Byazinin postundan göndərilməsi haqda danışıb. Bununla yanaşı, Quliyev millinin gələcək perspektivindən söz açıb.
- Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi istefaya göndərildi. Bu sizin üçün gözlənilən idi?
- Ümumilikdə son iki oyun böyük miqyasda Canni De Byazinin millimizdəki taleyini həll edirdi. İsveçlə görüşdə komanda çox yaxşı təsir bağışladı. Son matçdakı böyük hesablı məğlubiyyət italiyalının gedişinin əsas səbəblərindən oldu. Belçika ilə oyundan sonrakı mətbuat konfransı isə getməyinə daha da çox təsir etdi.
- Maraqlı məqam orasındadır ki, De Byazi özü də onunla müqavilə imzalanmaması üçün İcraiyyə Komitəsindən xahiş edib. Sizcə, özü də burada çalışmaq istəmirdi, yoxsa bilirdi ki, onunla yollar ayrılacaq deyə, öncədən belə addım atıb?
- Mənə elə gəlir ki, son hadisələrin ardından artıq özü də getmək istəyirdi. Yəqin ki, bunu artıq özü də hiss edirdi. Ona görə də ilk getməy təklifini özü irəli sürüb.
- Canni De Byazi millidə çalışdığı üç il ərzində Azərbaycan futbolu üçün nəsə etdi, yoxsa heç nə ilə yadda qalmadı?
- Böyük işlər olmadı. Yaddaqalan 5 ardıcıl qələbə idi ki, onların içərisində yoldaşlıq görüşləri də var idi. Hazırda millidə yaxşı mənada yaddaqalan işlər görmək çətindi.
- Əsas müzakirə mövzusu milliyə yeni baş məşqçinin təyinatıdır. Yerli və əcnəbi mütəxəssis məsələsi müzakirə edilir. Siz məsələ haqda nə düşünürsüz? Ümumiyyətlə, hansı kriteriyaya görə seçim etmək lazımdır?
- Sözsüz ki, mən də yerli məşqçinin təyin olunmasının tərəfdarıyam. Çünki belədə, mentalitet, yanaşma, uyğunlaşma və oyunçuları daha yaxşı tanıma prosesləri arxa planda qalmış olacaq. Vaxt itirməyəcəyik.
- Baş məşqçi seçimi doğru olarsa, millinin uğurlu çıxış etməsi mümkündür, yoxsa bizim əsas problemimiz futbolçuların istənilən səviyyədə olmaması ilə bağlıdır? Yəni, tez-tez deyirlər ki, hazırkı milli ilə uğurlar qazanmaq mümkündür. Razısız?
- Bu gün Azərbaycan millisində uğur qazanmaq çox çətindir. Ona görə də biz milliyə uyğun baş məşqçi seçib, ona vaxt verməliyik. Tez bir zamanda nəticə qazanmaq çox çətindi. Baxmayaraq ki, bu, bizim ən perspektivli heyətimizdir. Amma biz Avropa ilə ayaqlaşa bilmirik.
- Millinin baş məşqçi postu üçün daha çox Rəşad Sadıqov, Tərlan Əhmədov, Arif Əsədovun adı hallanır. Sizin fikriniz, namizədiniz kimdir?
- Milliyə namizədlər yetərincədir. Sadəcə, doğru uyğun addım atmaq və öncə ona inanmaq, dəstək olmaq lazımdır. Namizədim yerli məşqçilərdir, kimliyi önəmli deyil. Yetər ki, uğurlu olsun. Bu milli hamımızındır.
Mirbağırağa
saytlarin hazirlanmasi