Aftandil Hacıyev: "Rui Koşta "Qarabağ"ı yaxşı tanıdığını qeyd etdi"

11:18 - 25 Noyabr 2023

"ECA Academy Visit" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Sportal.az xəbər verir ki, Avropa Klublar Assosiasiyasının (ECA) dəstəyi ilə Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunan tədbir "Benfika" klubunun akademiyasında baş tutub.

Layihədə "Qarabağ"ı akademiyanın koordinatoru Aftandil Hacıyev təmsil edib. O, tədbir barədə klubun mətbuat xidmətinə açıqlama verib:

"Bu layihədə klub rəhbərliyinin təşəbbüsü ilə iştirak etdim. "Benfika" akademiyasına diqqət ayırması, işlərin yüksək səviyyədə təşkili, ustalıq keyfiyyətlərinə malik oyunçular yetişdirməsi ilə Avropanın ən yaxşılarından biridir. Tədbirə qatılan digər Avropa klublarının nümayəndələri də burada işlərin müasir və ən yüksək səviyyədə olduğunu şahidlik etdilər. “İnter”, “Ayaks”, “Liverpul”, PSV, “Bayer” kimi ümumilikdə 55 klub layihədə təmsil olunurdu. Onların hər biri gördüklərindən məmnun qaldılar. “Benfika”da görülən işlər klubun zəngin tarixə malik olması və burada çalışan peşəkarların işinin bəhrəsidir".

Portuqaliya səfərinin gələcək üçün faydalı olduğunu düşünən Hacıyev “Benfika”nın prezidenti Rui Koşta ilə də görüşüb: “Bu, böyük təcrübə idi. Lissabonda gördüklərimi gələcəkdə Azərbaycan futboluna tətbiq etməyə çalışacağıq. Bu təcrübə gələcəkdə görüləcək işlər baxımından çox önəmlidir. İstərdim ki, Azərbaycan klublarının belə akademiyalarının qurulması tez bir zamanda həyata keçirilsin. “Benfika”nın prezidenti Rui Koşta da iclaslarda iştirak edirdi. Azərbaycandan olduğumu bildikdən sonra futbolumuz barədə söhbətimiz oldu. O, “Qarabağ”ı və klubumuzun İdarə Heyətinin və ECA-nın İcraiyyə Komitəsinin üzvü Asif Əsgərovu yaxşı tanıdığını qeyd etdi. Koşta vaxtilə futbolçusu olduğu Portuqaliya millisinin heyətində Azərbaycanla 1:1 hesabı ilə başa çatan Bakıdakı görüşü də xatırladı".

Xəbər xətti