Ayxan Abbasov: "Komanda məğlub olubsa, hər kəs günahkardır"

18:27 - 25 Noyabr 2023

"Bu cür oyundan sonra danışmaq çətindir. Acı məğlubiyyətlə üzləşdik. Oyuna baxsaq, birinci qola qədər bərabərsəviyyəli oyun gedirdi. Həmin qol komandamıza pis təsir etdi. İkinci hissə dəyişiklik etdik. Bilirdik ki, rəqib əks-hücumlarda çox güclüdür. Hesab 3:0 olduqdan sonra sistemi dəyişdik, hücumamemeyilli oyunçuların hamısını meydana buraxdıqdan sonra bəlkə də, bir qol bizi həvəsləndirə bilərdi. Amma təəssüf ki, olmadı. "Qəbələ" bu gün çox yaxşı oynadı. Üzücü məğlubiyyətdir. Bundan dərs çıxarmalıyıq. Çünki toparlanmaq lazımdır. Mövsüm uzundur. Futbolçulara da dedim ki, bu cür məğlubiyyətdən sonra ruhdan düşmək yox, toparlanmaq vacibdir. Çünki sabah özümüzü çətin duruma sala bilərik. Bu durumdan çıxmağa çalışacağıq. Komandama inanıram. Gələcək oyunlarda azarkeşlərimizi sevindirəcəyik".

Sportal.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 14-cü turunun "Qəbələ" ilə (0:4) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

- "Turan Tovuz"un ehtiyat qüvvəsi kasad görünür. Yanvarda transferlər gözlənilir?

- İstəyərik ki, yeni futbolçularımız olsun. Amma inanın ki, bu dəqiqə bizim üçün qarşıdan gələn oyunlar çox vacibdir. Ona görə də, düşünməyə vaxt yoxdur. Zədəli və zədədən yeni qayıdan futbolçular var. Bu gün çox dəyişiklik etdik. Amma elə oyunlar var ki, dəyişiklik heç fayda vermir. "Qəbələ" ikinci yarıda elə üstünlük əldə etdilər ki, onlara hansı dəyişiklik etsən də, çətin idi. Amma bəzi mövqelər var ki, axsayırıq.

- Buraxılan qollar zamanı müdafiəçilərinizin yol verdiyi səhvlərə necə izah verəcəksiz?

- Birinci qol gözümün qarşısında oldu. Bir anlıq oyunçunu buraxdılar və dönüb çox yaxşı qol vurdu. Orada mövqe səhvimizi etmişdik. Yaxın oynamaq lazım idi. Digərlər qolları isə əks-hücumlar zamanı vuruldu. Risk etməliydik, amma bunu tez etdik. İkinci hissə dəyişiklik etdik. Gözləyirdik ki, 10-15 dəqiqə rəqib tərəfdə olaq. Əslində, belə də etdik. Sadəcə top itkisindən sonra geri dönüşümüz sürətli olmadı, rəqib bizdən sürətli oldu. Komanda məğlub olubsa, hər kəs günahkardır.

- Komanda hazırda 8-ci pillədədir və aşağı mövqedəki komandalar sizə yaxınlaşır. Bu məqam komandada gərginlik yarada bilər?

- Gərginlik birinci turdan olur. Turnir cədvəlində üst pillələrdə ola bilərdik, amma biz bilirdik ki, çempionat uzundur. Digər komandaların gücü də bəllidir. Bəzi reallıqlar var və biz bundan qaçmırıq. Mövsümün əvvəlindən məqsədimizin nə olduğunu deyirdik. Bunun uğrunda da mübarizə aparmaq lazımdır. Sadəcə, əsas odur ki, asan təslim olmayaq. "Qəbələ" ilə matçın ikinci yarısı bəlkə də, mövsüm ərzində ən zəif oyunumuz idi. Qola qədər epizodlarımız var idi. Amma buraxılan qoldan sonra narahatçılıq yaşandı. Biz də rəqibə 4:0 qalib gəlmişik. Futbolda belə hadisələr baş verir.

Mirbağırağa

Xəbər xətti